BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycanın şansı onda gətirib ki, virusun ilk dalğası ilə yaxalanmayıb" - Arif Hacılı

"Bütün dünya koronavirus pandemiyasına qarşı mübarizə aparsa da virusa yoluxanların sayı son 10 gündə iki dəfə artaraq 500 mini keçdi. Ölənlərin sayı 25 minə yaxınlaşır. Dünya üzrə virusa yoluxanların sayının növbəti həftə ərzində milyona çatacağı, iki həftə ərzində 5 dəfə artacağı proqnozlaşdırılır. Azərbaycanda da virusa yoluxanların sayı artır. 122 müəyyənləşmiş virus daşıyıcısı, 3 nəfər həyatını itirən var. Aydın görünür ki, aprel ayında virusa yoluxanların və həyatını itirənlərin sayı, həm dünyada, həm də Azərbaycanda dəfələrlə artacaq. Aprel dünya üzrə infeksiyanın pik dövrü olacaq. Bu böyük hadisəyə oyun kimi yanaşmaq cahillikdir".


Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.


A.Hacılı qeyd edib ki, son 100 ildə dünyanı əhatə edən belə dəhşətli virus yayılmayıb: "Koronavirus İkinci dünya müharibəsindən sonra bəşəriyyəti sarsıdan ən ciddi hadisədir. Azərbaycanın şansı onda gətirib ki, biz virusun ilk dalğası ilə yaxalanmamışıq. Başqa ölkələrin, xalqların infeksiyaya qarşı mübarizə təcrübəsindən öyrənmək, istifadə etmək imkanımız var. Azərbaycanda, Türkiyədə, digər ölkələrdə koronavirusa qarşı tələb olunan tapşırıqlara ciddi yanaşmaq, təlimatlara, qadağalara əməl etmək çox vacibdir. Bu virusa meydan oxumaq cəsurluq yox, cahillik əlamətidir. Hər kəs anlamalıdır ki, indi həyatının ən mühüm dövrlərindən birini yaşayır. Təlimatlara saymazlıqla yanaşırsansa, deməli yalnız öz həyatın üçün yox, yaxınlarının, ünsiyyətdə olduğun hər kəsin həyatı üçün, şəhərin, ölkən üçün təhlükə yaradırsan. Cahilliyinə görə bir ailə üzvünün, bir qonşunun, bir həkimin ölümünə bais olacaqsan. Bəlkə öz orqanizminə güvənirsən, sağ qalacağına əminsən, amma sənin vasitənlə kimlərsə bu virusa yoluxub həyatlarını itirəcıksə bundan sonra necə yaşayacaqsan? Təlimatları dinləyin, tapşırıqlara əməl edin. Nə qədər dəhşətli olsa insanlıq bu bəlanı da yenəcək. İndi hər kəsin də əsas görəvi bu vəziyyətdə özünü, ailəsini, kəndini, şəhərini, ölkəsini, dünyanı bu bəladan qorumaqdır. Bu gün sanki, bütün dünya bir gəmidədir".

Tarix: 27 Mart 2020, 16:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin