BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qonşu qadını şantaj etdiyinə görə tutulan şəxsə bəraət verildi

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmə və xuliqanlıqda təqsirləndirilən Mahmud Qurbanovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib.

 

Belə ki, Nəsimi Rayon Məhkəməsinin çıxardığı hökm ləğv olunub. Mahmud Qurbanovun Cinayət Məcəlləsinin (CM) 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilib. Təqsirləndirilən şəxsin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, 1994-cü il təvəllüdlü Mahmud Qurbanov 23 oktyabr 2021-ci il tarixdə, saat 09:40 radələrində Nəsimi rayonu ərazisində yerləşən yaşayış binasının komendantı üçün nəzərdə tutulmuş otağında olan zaman həmin binanın komendant köməkçisi vəzifəsində işləyən Vaqif Qədirova (şərti) qeyd edilən otağı tərk etməsini bildirib. Daha sonra o, həmin şəxsin sifət nahiyəsindən yumruqla vurub.

 

Bundan başqa, Mahmud Qurbanov 2021-ci ilin oktyabr ayının sonlarında yaşadığı binada onunla eyni mərtəbədə yaşayan Səlimə Qafarovaya (şərti) dəhlizdə yaxınlaşaraq, onda qadına məxsus rüsvayedici məlumatlar, yəni əxlaqsız şəkilləri və səs yazılarının olmasını deyib. O, qadına deyib ki, ona 1 000 manat pul verməyəcəyi təqdirdə həmin rüsvayedici məlumatları Səlimənin ərinə və yaxın qohumlarına yayacaq.

 

Cinayət materiallarında qeyd edilib ki, Mahmud Qurbanov 13 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində yaşadığı binanın dəhlizinə həmin mərtəbədə yaşayan zərərçəkmiş Vüsal Nailov (şərti) tərəfindən müşahidə kameraları quraşdırılmasını və həmin kameraları onun mənzilinin giriş qapısını da çəkməsini səbəb gətirib. O, heç bir əsaslı səbəb olmadan bıçaqdan silah qismində istifadə edərək zor tətbiq edib zərərçəkmiş şəxsin mənzilin giriş qapısına zədələr yetirib. Daha sonra Mahmud qapının dəstəyini də zədələyərək Vüsala ümumilikdə 80 manat miqdarında maddi ziyan vurub.

 

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Mahmud Qurbanov barəsində hədə-qorxu ilə tələb etmə və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 16 Noyabr 2022, 12:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin