BURADA REKLAMINIZ OLA
BİLƏR

"Fransa Senatının növbəti “əcaib”qətnaməsini iki il əvvəlkinin taleyi gözləyir"

“Gözlənildiyi kimi Fransa Senatı Azərbaycan əleyhinə növbəti qətnamə qəbul etdi və iki il əvvəl olduğu kimi bu dəfə də qətnamənin əleyhinə yalnız bir senator səs verdi. Yelisey sarayının “xeyir-duası” ilə qəbul olunmuş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlanan bu bədnam qətnamə Xarici İşlər Nazirliyimizin bildirdiyi kimi, “tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir””.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

 

O bildirib ki, qətnamədə "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsini", "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını","Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ diskriminasiyanı qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməsini", Azərbaycana qarşı sanksiyalar tətbiq olunmasını tələb etdikdən sonra senatorlar Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamağı təklif ediblər:

 

“Bununla yanaşı, Fransa hökumətinə "”Dağlıq” Qarabağda humanitar büro açmaq" da təklif edilib. Təkliflər arasında qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması, Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də yer alıb. Göründüyü kimi, bu üzdəniraq “qanunvericilər” ümid edirlər ki, Azərbaycan bundan sonra da Fransa Prezidentinin təklikdə, yaxud Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlara “soxulmaqla” “vasitəçilik” etməsinə imkan verəcək. Fransa Prezidenti Emmanuel Makron bundan sonra da “tərəfsizliyi” barədə nağıllar uyduracaq. Təbii ki, bütün bunlar baş verməyəcək və Azərbaycan Prezidenti Fransa Prezidentinin hər hansı formada vasitəçilik etməsi ilə razılaşmayacaq, onun hər hansı formada iştirak etdiyi “danışıqlarda” yer almayacaq”.

 

A.Səmədov xatırladıb ki, iki il əvvəl Yelisey sarayının xeyir-duası ilə qəbul olunan və hökumətdən Qarabağın müstəqilliyini tanımağı tələb edən qətnamə Fransa Xarici İşlər Nazirliyi tərəfindən zərərli sayılaraq icra olunmamışdı:

 

“Nazirliyin rəsmi nümayəndəsi açıq şəkildə bildirmişdi ki, bu qərarın qəbulu “Fransanın və Ermənistanın maraqlarına xidmət etmir”. Ancaq nədənsə bunu əvvəlcədən bilə-bilə layihənin Senatda müzakirəsinə razılıq vermişdilər. Görünür, düşünmüşdülər ki, qətnamənin qəbulu dünya ictimai rəyinə təsir edər, bəlkə, Qarabağın müstəqilliyini digər dövlətlər tanıyarlar və Fransanın qabağa düşməsinə ehtiyac qalmaz. Məlum olduğu kimi, həmin dövrdə onların gümanları özünü doğrultmadı və qəbul olunan qətnamə əhəmiyyətsiz “kağız parçası”ndan başqa bir şey ola bilmədi. Bu qətnaməni də özündən əvvəlkinin taleyi gözləyir. Bu da Fransa Senatının dayanmadan “istehsal etdiyi” mənasız sənədlər içərisində öz “şərəfli” yerini tutacaq. Planlaşdırılan zərbə isə Azərbaycana deyil, Fransanın “beynəlxalq nüfuzuna” dəyəcək və onun Azərbaycan-Ermənistan danışıqlarında yer almaq imkanlarını heçə endirəcək. Yeri gəlmişkən, qətnamə hələ layihə halında olarkən bir çox azərbaycanlının haqlı hiddətinə səbəb olmuşdu və onun əleyhinə nüfuzlu Mesopinions.com petisiya saytında Fransa Senatına, hökumətinə və xalqına ünvanlanmış müraciət yerləşdirilmişdi. Qısa müddətdə 100 000-dən artıq imza toplanmasına, bu müraciətin qeyd edilən portalda yerləşdirilən digər petisiyalarla müqayisədə əhəmiyyətli sayda çox dəstək almasına baxmayaraq, daha az səs toplayan və daha az əhəmiyyətə malik müraciətlər ilə müqayisədə azərbaycanlıların bu petisiyasına Fransa Senatı tərəfindən son dərəcə laqeyd münasibət göstərildi. Bu davranış bir daha Fransa dövlətinin, parlamentinin mahiyyətini bütün dünyaya açıq şəkildə nümayiş  etdirdi”.

 

Aytəkin Qardaşova

Tarix: 16 Noyabr 2022, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin