BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc 200 manat borca görə sevgilisinin burnunu sındırdı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurma təqsirləndirilən Qamət Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, 2000-ci il təvəllüdlü Qamət Əsədov Abşeron rayonunda qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Nəcibə Səmədovanın (şərti) evinə gələrək mübahisə edib. Daha sonra o, qadının burun nahiyəsinə bir dəfə yumruq zərbəsini vurub.  Nəticədə Nəcibənin burnu sınıb.

 

Məhkəmə baxışında Qamət Əsədov bildirib ki, zərərçəkmiş şəxs ilə 2022-ci ilin iyun ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsi, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin ərazisində yerləşən “Abşeron” restoranında tanış olub. Həmin vaxtdan onlar qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlayıblar. Hadisədən təxminən 10 gün əvvəl isə aralarında yaranmış narazılıqlarla bağlı o, Nəcibədən ayrılıb. Birgə yaşadıqları müddətdə qadın ondan 200 manata yaxın borc pul aldığından Qamət hadisə günü saat 00:30 radələrində Nəcibənin yaşadığı ünvana gedərək onu dəhlizə çağırıb və borcunu istəyib. Qadın isə borcunu qaytarmaqdan imtina edərək onun ünvanına nalayiq ifadələr işlədib və ona əl-qol atmağa başlayıb. Bu zaman Qamət Nəcibənin onu vurmaq istədiyini görüb, qadının qolundan tutub və kənara itələyib. Həmin vaxt əlinin arxa hissəsi qadının burun nahiyəsinə dəyib və onun burnundan qan açılıb.

 

Bundan sonra Nəcibə DİN-in “102” xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat verib və təhqiramiz ifadələrlə ondan gözləməsini tələb edib. O, isə bir saata yaxın orada gözləsə də polis əməkdaşlarının gəlmədiklərini görüb çıxıb gedib.

 

Sonda Qamət zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 25 Noyabr 2022, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin