BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda təhsil proqramları gənc nəslin vətənpərvər ruhda böyüməsinə hədəflənib - RƏY

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edilir ki, Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Bu vəzifələrin həyata keçirilməsində, strateji hədəflərə çatmaqda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının rolu və əhəmiyyəti danılmazdır. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Ölkə gənclərinin xaricdə təhsil ala bilmələri üçün də Azərbaycan dövləti tərəfindən şərait yaradılıb. Gənclər eyni zamanda xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının imkanlarından da yararlanmaqdadırlar.

 

Bu barədə Pravda.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Azərbaycanda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları Elm və Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən hazırlanır.

İlqar Orucov: Prezidentin son Sərəncamı da əhalinin rifahına yönəlmiş  işlərin davamıdır -

İ.Orucov hesab edir ki, həmin proqramlar yüksək səviyyədə tərtib olunur:

 

“Bununla bağlı xüsusi işçi qrupu var. Onlar mütəmadi olaraq bu proqramları yeniləyir, üzərində işləyirlər. Burada hər hansı qane etməyən məqamlar olduğunu düşünmürəm. Əlbəttə ki, zaman-zaman bu proqramların yenilənməsinə, təkmilləşdirilməsinə ehtiyac var. Elm və Təhsil Nazirliyi mütəmadi olaraq bunun üzərində işləyir. 44 günlük Vətən müharibəsindən sonra qazanılan böyük Zəfərdən sonra elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının məzmununda xeyli dəyişikliklər oldu. Bu proqramlar gənc nəslin həm vətənpərvər ruhda böyüməsinə, həm də daha təhsilli vətəndaş olmasına hədəflənib. Bu məsələdə peşəkarlıq mütləq şəkildə özünü göstərir. Sözügedən proqramların hazırlanmasına Elm və Təhsil Nazirliyi çox həssas münasibət bəsləyir. Proqramların məzmunu, keyfiyyəti ilə bağlı heç bir problem yoxdur. Bu proqramlar tədris mövzuları, eyni zamanda yetişməkdə olan nəslin vətənə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində mövzular nəzərə alınmaqla həyata keçirilir, tədrisin məzmununa əlavə rəng qatır. Təbii ki, bu cür proqramlara və onların yenilənməsinə ehtiyac var. Yenilənmə lazım olduğu təqdirdə müvafiq işçi qrupu bunun üzərində işləyir. Həqiqətən, məzmun baxımından da çox yaxşı işlər ortaya qoyulur”.

 

Elm və təhsil üzrə ekspert Səbuhi Adullayev isə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları ilə bağlı çatışmazlıqlardan söz açıb:

 

“Tələbələrin elmdən uzaqlaşmalarının əsas səbəblərindən biri verilən təhsil proqramlarının əzbərçilik istiqamətində olmasıdır. Təhsil və elmin bir-birindən kifayət qədər aralanması hələ ki, elmi-kütləvi proqramlarda öz əksini tapmır. Təhsil və elmin vəhdət şəklində qarşılıqlı fəaliyyət göstərməsində xeyli problemlər var. Müasir təhsil və elmi trendlərin tətbiqi Azərbaycanda çox ləngiyir. Əsas problemlərdən biri budur ki, trendlər müasir proqramlarımıza cavab vermir. Çətinliklərdən birini də bu yaradır. Bütün bunlarla bərabər, xüsusi fondların, elm fondlarının da həmin proqramlara ayrılması sırf bürokratik maneələrdən gəlib keçir. Əngəllər kifayət qədər çox olduğuna görə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına maneə yaranır”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 26 Noyabr 2022, 16:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin