BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobili köhnə olanların nəzərinə: Utilizasiya proqramı belə olacaq

“Avtomobillərin utilizasiyası genişmiqyaslı tədbir, sosial-iqtisadi layihədir. Hər ölkə utilizasiya proqramını həyata keçirmir. Azərbaycan bu gün öz iqtisadiyyatına arxalanaraq, iqtisadiyyatının dayanıqlılığına güvənərək bu layihəni gerçəkləşdirməyi düşünür. Utilizasiya 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında əksini tapıb, yəni utulizasiya proqramının hazırlanması bu illəri əhatə edir. Bir proses kimi həyata keçirilməsi isə digər proqramla realizə ediləcək. Bu, 2022-2026-cı illəri əhatə edən sosial inkişafa dair strategiyadır. Bu strategiya çərçivəsində artıq utilizasiya proqramı həyata keçiriləcək, köhnə avtomobillərin utulizasiyasına başlanılacaq. Bu, o deməkdir ki, hələ qarşıda 3 il vaxtımız var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert vurğulayıb ki, utilizasiya proqramı tamamilə könüllü həyata keçiriləcək: “Heç kimin avtomobili məcburi qaydada əlindən alınmayacaq. Artıq metalloma çevrilmiş, ekoloji cəhətdən zərərli olan, təhlükəli, köhnə nəqliyyat vasitələrindən imtina edən vətəndaşlara dövlət tərəfindən müəyyən subsidiyalar, güzəştlər təklif olunacaq ki, yeni avtomobil ala bilsinlər. Utulizasiya proqramına qədər hələ qarşımızda bir neçə məqsəd var. Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya var. Komissiyasının 2021-ci ildə hazırladığı yol xəritəsi əsasında bu məsələlər mərhələli həyata keçirilir”.

 

E.Cəfərov deyib ki, proses bitdikdən sonra utilizasiya proqramına getmək olar: “İndiki vəziyyətdə vətəndaşların yeni avtomobillərə əlçatanlıqlarını təmin etmədən, düşünürəm, utilizasiya proqramını həyata keçirə bilmərik. Bu ilin yanvar ayının 1-indən etibarən ölkəmizə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri gömrük rüsumu və Əlavə Dəyər Vergisindən azad edildi. Bu növ avtomobilləri almaq istəyən vətəndaşlar üçün sərfəli kredit şərtləri təklif olunur. Bu təkliflər Mərkəzi Bankın Banklar Assosiasiyası ilə birlikdə hazırladığı layihə əsasında həyata keçirilir. Oktyabrın 1-dən etibərən ekoloji təmiz nəqliyyat vasitələri - hibrid və elektromobil almaq istəyən vətəndaşlar çox sərfəli şərtlərlə bu avtomobilləri ala bilirlər. Noyabr ayı ərzində də yeni qərarla ölkəmizə idxal edilən elektromobillər tamamilə gömrük rüsumundan azad edildilər. Növbəti mərhələlər də olacaq. Elektriklə çalışan avtomobillərin infrastrukturunun yaradılması və s. proseslər həyata keçiriləcək, bundan sonra utilizasiya proqramı haqqında düşünmək olar. Milli prioritetlər 2030-dur. Ölkəmiz 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməlidir. Dövlətin qarşıya qoyduğu əsas vəzifə budur. Bütün bu proseslər də həmin məqsədə çatmaq üçün həyata keçirilir”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Noyabr 2022, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin