BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanın statusunun dəyişdirilməsi üçün refendum keçiriləcək? - AÇIQLAMA

“Naxçıvanın statusu hansısa şəkildə dəyişəcəksə, bunu yalnız Konstitusiyaya dəyişiklik formasında etmək olar. Bu isə mütləq refendumun keçirilməsini tələb edir. Digər vacib məqam isə budur ki, Azərbaycanda Konstitusiya refendumları hər 7 ildən bir keçirilir. Əlbəttə, bu, təsadüfdür. 7-ci il növbəti 2023-cü ildir. Konstitusiya 1995-ci ildə qəbul edilib və 2002, 2009, 2016-cı illərdə refendumla dəyişikliklər olunub. Eşitdiyimə görə, referendum keçiriləcək. İstisna deyil ki, bu, Naxçıvanla bağlı ola bilər. Amma Naxçıvanın muxtar statusunun bütövlükdə ləğv ediləcəyini güman etmirəm, çünki Naxçıvanın muxtar statusu 1921-ci ildə bağlanan Qars müqaviləsi ilə tənzimlənir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, Qars müqaviləsinin tərəfləri Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstandır: “O zaman formal olaraq Azərbaycan, Ermənistan, Gürcüstan müstəqil dövlət sayılırdılar. Ona görə də Qars müqaviləsi beştərəfli müqavilə olub. Müqavilədə eyni zamanda Naxçıvanın Azərbaycanın himayəsində muxtar statusu nəzərdə tutulub. Əlbəttə, bu muxtariyyətin nədən ibarət olması müqavilədə göstərilməyib. SSRİ dövründə də Naxçıvan Muxtar Respublika olub. Azərbaycanın müstəqilliyi dövründə də bu belədir. Amma indi olan muxtariyyət heç vaxt olmayıb. Konstitusiyanın 134-cü maddəsinin birinci hissəsində deyilir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir. 1995-ci il Konstitusiyasına görə, Naxçıvan heç vaxt “dövlət” adlandırılmayıb. Bunu düzgün hesab etmirəm, dövlətin içində dövlət ola bilməz. İkincisi, bu, unitar respublika prinsiplərinə ziddir. Federasiyalarda ola bilər. Məsələn, ABŞ. Ştat əslində ingiliscə “dövlət” demək deyil, yəni federasiyadır. Biz isə bir tərəfdən Konstitusiyada “unitar dövlət” deyirik, digər tərəfdən deyirik “Azərbaycanın tərkibində muxtar dövlət var”. Bu gün Naxçıvanın səlahiyyətləri çox genişdir. Orada Konstitusiyaya görə, demək olar, heç bir vəzifə təyinatı Ali məclisin sədri Vasif Talıbovsuz həyata keçirilə bilməz, hamısı onun razılığı ilə olmalıdır. Hətta Konstitusiyaya görə, Naxçıvan Ali Məclisinin deputatları cinayət törətdiklərində belə, Məclis razılıq verməlidir ki, onu cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun. Yəni biz mərkəzi hakimiyyət olaraq bunu Naxçıvansız edə bilmərik. Əslində, bu da düzgün deyil. Amma gəlin, tarixi kontekstə qayıdaq. Niyə 1995-ci ildə bunu etdilər? O vaxt 18 yaşım var idi, səsvermədə iştirak etdiyim ilk seçkilər idi. Hüquq fakültəsinin 2-ci kursunda təhsil alırdım. Tez-tez müəllimlərimizlə bu layihəni müzakirə edirdik. 1995-ci ildə Konstitusiya qəbul olunanda layihə ümumxalq müzakirəsinə çıxarıldı. Hamı təkliflər verdi, bunun əsasında son variant dəyişdi. 2002-ci ildən başlayaraq digər illərdə keçirilən refendumlarda isə heç bir ümumxalq müzakirəsi olmadı. Layihəni verdilər, dedilər ki, ya “hə” deyin, ya “yox”. Azərbaycan həmin vaxt “”Dağlıq” Qarabağ” adlanan əraziyə ən yüksək muxtariyyət statusu verməyə hazır idi ki, təki, 7 rayonumuz azad olunsun. Hətta yadımdadır, danışıqlarda Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsin də iştirak edirdi. O, televiziyada çıxışında ironiya ilə dedi ki, Azərbaycan “”Dağlıq” Qarabağ” ermənilərinə ən yüksək muxtariyyət təklif edir, bunlar isə razı olmurlar, indi nə istəyirlər, “Amerika Birləşmiş Ştatlıları” statusunu? Yəni həmin vaxt biz buna hazır idik, ermənilər isə yox. Konstitusiyada Naxçıvana belə geniş status verməklə, sanki ermənilərə deyirdik ki, sizə də belə bir status verə bilərik. 1995-ci ildə geniş muxtar respublika statusu məhz buna görə verilib. 2020-ci il müharibəsində qazandığımız parlaq qələmizdən sonra dedik ki, artıq heç bir “status”-filan olmayacaq, cəhənnəmə getdi. Artıq Naxçıvanın da ən yüksək statusa malik olmasına ehtiyac qalmır”.

 

Ə.Həsənov qeyd edib ki, böyük ehtimalla, Naxçıvanın muxtar respublika statusu qalacaq: “Bu, beynəlxalq müqavilə ilə tənzimlənən bir şeydir. Amma beynəxalq müqaviləyə də yenidən baxmaq olar. Həmin vaxt Naxçıvanın Ermənistana verilmə məsələsi var idi və Türkiyənin təkidi ilə bu məsələ Qars müqaviləsinə salındı ki, Naxçıvan Azərbaycanın himayəsində qalsın. Bunda əsas maraqlı tərəf Türkiyə idi, başqa heç kim. Hətta Türkiyənin razılığı olmadan Azərbaycan Naxçıvanı heç kimə verə bilməz. Şəxsən bu muxtariyyətə bu gün ehtiyac görmürəm. Naxçıvanın Azərbaycanın digər bölgələrindən hansı fərqi var? Təkcə vahid sərhədi yoxdur, Allahın izni ilə Zəngəzur dəhlizi olacaq. Sırf beynəlxalq müqaviləyə görə bunu dəyişə bilmiriksə, olsun. Amma belə geniş status yox. Orda müəyyən səlahiyyət bölgüsü olmalıdır ki, bəzi məsələlərdə bizim dediyimiz olsun. İndi Naxçıvan rəhbərliyi nə istəyir, edir. Hamı buna etirazını bildirir. Biz feodal dövrdə yaşamırıq, Azərbaycan ərazisi vahiddir. Pandemiya dövründə hətta Naxçıvan Bakıdan və başqa ərazilərimizdən ora gedən vətəndaşları buraxmırdı. Bu, ümumiyyətlə, biabırçılıq idi. Bununla bağlı xüsusi qərar qəbul etmişdilər. Buna heç bir səlahiyyətləri yox idi. Azərbaycan ərazisi vahiddir, Azərbaycan vətəndaşı ümumi qanunlar çərçivəsində hara istəyirsə, gedə bilər...”

 

Aytəkin Qardaşova

Tarix: 1 Dekabr 2022, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin