BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Aysel Əlizadə İlkin Süleymanovla bağlı çağırış etdi

Yazıçı Aysel Əlizadə Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovla bağlı çağırış edib.

 

Pravda.az-ın xəbərinə görə, o deyib ki, peşəkar media nümayəndələri prosesi kənardan izləməlidirlər.

 

“Bir uşaq balaca bir kənddə itibsə, tanıdığı adamla gedib. Təqsirləndirilən şəxs uşağın tanıdığıdır. O, əmisigildən qayıdanda yoxa çıxıb. Həmin adamın evi uşağın yolunun üstündə olmalıdı ki, keçəndə aldadıb apara bilsin. Təqsirləndirilən şəxsin evi uşağın əmisigildən öz evlərinə qayıtdığı yoldadır. Cinayətkarın uşağı gizlətmək üçün boş, heç kimin yaşamadığı yerə ehtiyacı vardı. Təqsirləndirilən şəxsin yaşadığı evin həyətində boş ev var. Axtarış başlayanda uşağı öldürübsə, evindən kənarda itirməlidir. Buna imkanı yoxdursa, həyətində, evinin yaxınlığında basdırmağa, yandırmağa məcburdur. Təqsirləndirilən şəxsin özəl maşını yoxdur. Deməli, kənddən çıxarmaq imkanı ola bilməz. Beləliklə, uşağın cəsədi onun evinin yanında tapılıb. Quramadırsa, meyiti ora atıb həmin şəxsin üstünə yıxmaq planı vardısa, o zaman sual yaranır: axtarış qrupu əvvəldən həmin şəxsin siqaret çəkməyə çıxıb cəsədi görəcəyini haradan bilirdi? Bir insanın yandığını görürsənsə, məntiqlə, onu söndürməyə çalışarsan. Bəlkə sağdır? Təqsirləndirilən şəxs isə qohumlarının evinə qaçıb, zəng vurub polis əmisioğlunu çağırıb. Meyiti isə söndürməyiblər. Nəhayət, idarəyə xəbər verəndən, oradan “söndürün” deyiləndən sonra, söndürməyə başlayıblar. Bu, istintaqa izi itirmək cəhdi kimi görünür. Axı normal adam bilir ki, meyit yandıqca iz itir. Yanğın vaxtını uzatmaqda məqsəd nə idi? Daha sonra təqsirləndirilən şəxs meyitin söndürülmə anını videoya çəkib. Kadrlara bu sözləri səsləndirib: “Nazim dayı, irəli getmə, ayaq izləri itər”. İz itməsin deyə meyiti söndürmək ağlına gəlməyib, amma videoya səsini salmaq ağlına gəlib. İstintaqın gəldiyi nəticə budur ki, təqsirləndirilən şəxs öz günahsızlığını göstərmək üçün videonu çəkərək “izləri itirmə” tipli fikirlər səsləndirib. Yəni günahım varsa, niyə bunu deyirdim? Kəndin giriş-çıxışında həm dövlətin, həm də evlərin kameraları var. Heç bir maşın, heç bir adam ora cəsəd gətirməyə risk etməzdi. Uşağın başına 13 qat parça bağlanıb ki, zərbə endirib öldürəndə qan kənara sıçramasın. Həmin parça ekspertiza rəyinə görə, təqsirləndirilən şəxsin bacısının (birgə yaşadıqları yox, digəri) evindəki yorğan üzləri ilə eynidir. Ekspertiza rəyinə görə, uşağın dırnağından tapılan boya təqsirləndirilən şəxsin hamamında istifadə olunmuş boya ilə eyni tərkiblidir. Saç tükü tapılmayıb deyənlərin nəzərinə! Tük tapılıb, Nərminin tükü ola biləcək dərəcədə oxşardır. Sadəcə, son illər təkcə morfoloji quruluşuna görə tük analizinin cavabı 100 faiz dəqiq hesab olunmur deyə, materiallarda belə də qeyd edilib. Təqsirləndirilən şəxsin evinin ayaqyolundan iri ölçülü pamperslər tapılıb. Böyük uşaqlar üçün olan. Təqsirləndirilən şəxsin telefonunda 2019-cu ilin dekabr ayında cizgi filmlərinə baxıldığı müəyyən edilib. Uşaq itən vaxtlarda… Uşaq noyabrın sonu itib, yanvarın 6-da tapılıb. Mütəxəssislər bilir ki, telefonun yaddaşına köhnə tarixə bağlı əlavələr etmək mümkün deyil. Nə vaxt izlənibsə, həmin tarixi də göstərir. Şəxs saxlanandan sonra, yanvarın 6-10 arası isə telefonun yaddaşında olan şəkillərə (videolara yox!) baxılıb. Ola bilsin, polislər telefonu yoxlayanda yaddaşdakı fotolara da nəzər salıblar. Müdafiə tərəfi bunu çaşdırıcı detal kimi istifadə edir. “Həbs ediləndən sonra o, telefonuna necə baxa bilərdi” deyirlər. Halbuki əsas dəlil videolardır, onlar da dekabrda izlənib. Onda hələ uşaq tapılmamışdı, şəxs də saxlanılmamışdı. Telefonda “Youtube” tarixçəsi silinib. 45 yaşlı adam bunu nədən etsin? Yaşı çatmır deyə valideynlərindən gizlədir? Evindən “viaqra” tipli dərman tapılıb. Ailəsi deyir ki, qoca atamızındır. Nəhayət çox dəhşətli bir dəlil: Təqsirləndirilən şəxsin anasının, bacısının geyimlərindən uşağın paltarlarının hissəcikləri (lifləri) tapılıb. Ananın ev geyimindən, bacının isə jaketindən. İş ondadır ki, həmin jaketi bacı öz xalasıqızına veribmiş. Xalaqızı Nərmin itdiyi ərəfədə jaketi aparıb təqsirləndirilən şəxsə əlbəəl qaytarıb. Günlər sonra uşaq tapılanda bütün ailənin geyimləri ekspertizaya göndəriləndən sonra, həmin jaketdən dəlil çıxıb. Bakıda oturan ekspert bacının geyimlərinin içindən məhz həmin jaketin təqsirləndirilən şəxsdə olduğunu haradan bilib? Materiallardan göründüyü və şəxsin özünün də ilk etirafında dediyi kimi uşaq buz kimi otaqda saxlanılıb. İndi dandığı ilk etirafında uşağın soyuqdan, aclıqdan ölümcül hala düşdüyünü də özü deyib. Bu fakt ekspertiza rəyində də təsdiqini tapıb. Meyit üzərində araşdırma zamanı mədə-bağırsağı, sidik kisəsi boş olduğu, ürək və ağciyərdə kista əmələ gəldiyi, pnevmoniyaya tutulduğu aşkarlanıb. Şəxsin özünün də məhkəmədə dediyi kimi, ona heç kim yazılı etiraf mətni verməyib, əvvəldən qurulmuş ssenari olmayıb. Hər şeyi özü danışıb. Bunu inkar edə bilmir, çünki videoçəkiliş var. İki cür bəraət olur: Hüquqi və ictimai. Bizim cəmiyyət o adama ictimai bəraət verib. Və bu, çoxunu qanadlandıra bilər deyə mən narahatam. Ona görə də sağlam adamları, peşəkar media nümayəndələrini susub kənardan izləməməyə çağırıram. Nərmin balanın hüquqları üçün yuxarıdan sifariş gözləməyin. Heç kim bunu etməyəcək. Çünki vəziyyəti elə həddə çatdırıblar ki, kimsə sahib durmağa çəkinir. Əslində, belə olmamalıdı. Əslində, dövlət qurumları müdaxilə etməlidir. 10 yaşlı uşağa olmazın şərlər atılır, ailəsi olmazın təhqirlərə məruz qalır. Bir böyük cinayəti ört-basdır etməyə çalışırlar. Yanlış rəy formalaşdırırlar. Biz uşaqlarımızı dövlətə, onun vicdanlı mətbuatına, hüquq sisteminə etibar edə bilməliyik”.

 

Kənan

Tarix: 1 Dekabr 2022, 17:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin