BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan dövlətçilik tarixinin ümumi türk dövlətçilik tarixi içərisində öyrənilməsi qarşımızda duran ən mühüm məsələlərdən biridir - RƏY

Azərbaycan tarixinin, dövlətçiliyinin öyrənilməsi və təbliği bu günümüz və gələcəyimiz baxımından prinsipial əhəmiyyət daşıyır. Adət-ənənələrimiz, onların formalaşdırdığı milli dəyərlər sistemi ilə dövlət quruculuğu arasında sıx bağlılıq var. Milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması, dövlətin mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası məsələsinə dövlət tərəfindən xüsusi diqqət ayrılıb.

 

Bu barədə Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan xalqı bəşər mədəniyyətinə çox böyük töhvələr vermiş xalqlardandır.

Deputat deyib ki, xalqımız sivilizasiyalararası dialoqda həmişə çox yüksək səviyyədə təmsil olunub:

 

“Bu istiqamətdə dövlət siyasətimiz davam edir. Azərbaycan xalqı öz milli dəyərləri, mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə dünya mədəniyyətində özünməxsus yer tutub. Mənfur, təcavüzkar Ermənistandan fərqli olaraq, Azərbaycan monoetnik yox, polietnik ölkədir. Bununla qürur duyuruq. Ölkəmizdə müxtəlif çoxsaylı xalqların, milli azlıqların, millətlərin təmsilçiləri, nümayəndələri əsrlər boyu bir ailə kimi, çiyin-çiyinə, son tikələrini belə aralarında bölüşdürməklə yüz illər ərzində mehriban ailə kimi yaşayıblar. Təəssüf ki, ailəmizə acı qatan xəyanətkar “xalq” da olub. Onlara “xalq” yox, Prezidentimizin sözü ilə qəbilə demək olar. Bunlar ermənilərdir. Azərbaycan xalqı tolerantlıq, multikultural dəyərləri ilə dünyanın ən örnək götürüləsi xalqıdır. Xalqımızın çoxəsrlik mədəniyyəti, dünya mirasına daxil olan mədəni iris, bəlkə də, çoxsaylı xalqların, milli azlıqların olması nəticəsində formalaşıb. Hər millətin nümayəndəsi adət-ənənəsinə uyğun Azərbaycanın zəngin, vahid, bütöv mədəniyyətinə öz töhvəsini verib. Xalçanın dəyəri onda olan ilmələrin sayına, fərqliliyinə görə bilinir. Azərbaycan mədəniyyəti o qədər zəngindir ki, onu xalçaya bənzətsək, ilmələrinin sayı hədsiz dərəcədə çoxdur. Tarix boyu bu məmləkət təhlükə altında olarkən burada yaşayan bütün xalqlar ayağa qalxıb, bir olub, çiyin-çiyinə həmrəy, vahid güc kimi düşmənə sinələrini sipər ediblər. Bunu Birinci Qarabağ, eyni zamanda Vətən müharibəsində də gördük. Onlar qəhrəmanlıqlar göstərib şəhid, qazi olublar. Bununla da fəxr edirik”.

 

M.İbrahimqızı deyib ki, bu gün Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətini ən yüksək səviyyədə təbliğ edir:

 

“Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyəti, incəsənəti bütün dünyaya yayılıb. Mehriban xanım bu sahədə çox böyük işlər görüb. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olduğu müddət ərzində çox böyük nailiyyətlərə imza atıb. Azərbaycanda gücü, imkanı, vəzifəsi, səlahiyyəti çatan hər kəs Heydər Əliyev Fondunun gördüyü örnək fəaliyyətdən nəticə çıxartmalı, nümunə götürməli, Azərbaycan mədəniyyətinin dünyada, beynəlxalq aləmdə təbliğinə öz töhvəsini verməlidir. Qloballaşan dünyada yaşayırıq. Dünyada çox qlobal təhlükə və təhdidlər var. Getdikcə xalqların mədəniyyəti, adət-ənənələri çox ciddi təhlükələrlə üzləşir. Yeni texnologiyalar əsrində, internetin, sosial şəbəkələrin mövcudluğu dönəmində Azərbaycanın hər bir vətəndaşı ölkəmizin mədəniyyətini, incəsənətini, xalqımızın necə bir xalq olduğunu dünyaya tanıda bilər. Azərbaycana qarşı ermənipərəst qüvvələrin qərəzli təbliğat, qarayaxma kampaniyası apardığı dövrdə hər bir Azərbaycan ziyalısı, gənci öhdəsinə düşəni etməlidir”.

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı isə Azərbaycanda dövlətçiyin təbliğindən danışıb:

“Azərbaycan dövlətçiliyinin təbliği yönündə son dönəmlər aparılan işlər ürəkaçandır. Ayrı-ayrı elm mərkəzləri, tədqiqat ocaqları bu sahədə normal, fundamental, elmi əsaslar ortaya qoya bilir. Biz Azərbaycan dövlətçilik tarixini tək Azərbaycanın indiki coğrafi əraziləri üzərindən araşdırmırıq. Tarixi Azərbaycan torpaqları, bu torpaqlarda yaradılmış mədəniyyət və onun təbliği üzərində də dayanırıq. Bu gün təkcə Azərbaycanın Quzeyi deyil, Güneyinə də diqqət yönəldilir. Çox həssas bir məqamda Azərbaycanın Cənub və bütövlük məsələsini zaman-zaman Azərbaycan elm ictimaiyyəti, jurnalistlər, fəallar gündəmdə saxlayıblar. Ziyalılar, alimlər, jurnalistlər öz üzərilərinə düşən vəzifəni kifayət qədər yerinə yetirirlər. Kimsə tənqidi fikirlər, ideyalar irəli sürə bilər.  Əlbəttə, bunun özü də normal bir haldır. Azərbaycan dövlətçilik tarixinin ümumi türk dövlətçilik tarixi içərisində öyrənilməsi qarşımızda duran ən mühüm məsələlərdən biridir. Bu istiqamətdə işlər aparılır. Düşünürəm, jurnalistlərin də bu yöndə fəaliyyəti, dövlətçilik tariximizin elmi baxımdan materiallaşdırılması və publisistikamıza gətirilməsi yaxşı haldır. Dövlətin informasiya prioritetlərindən birinin Azərbaycan dövlətçilik tarixinin tədqiqi, təbliği olması kifayət qədər uğurlu bir seçimdir. Bu, hədəflərin düzgün müəyyənləşdirilməsi deməkdir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

 Aytəkin Qardaşova

 

Tarix: 3 Dekabr 2022, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin