BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbovdan absurd qərar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun idarəçilik sistemini dərindən araşdırdıqca heyrətamiz faktlar ortaya çıxır. O, ölkəmizin heç bir bölgəsində tətbiq edilməyən, Azərbaycan qanunlarına zidd, mərkəzin qərarlarından fərqlənən qərarlar qəbul edib.

 

Muxtar respublika rəhbərinin elm və təhsilə də özünəməxsus yanaşma tərzi var. Bu yanaşmanın Azərbaycanda və ümumiyyətlə dünyada analoqu yoxdur. Bugünkü yazıda Naxçıvan rəhbərinin ali məktəblərdə apardığı bəzi “mütərəqqi islahatlar”dan bəhs edəcəyik.

 

Bildiyimiz kimi, ali məktəblər əsasən iki istiqamətdə fəaliyyət göstərir: təhsil və elm. “Təhsil haqqında” Qanunun 22-ci maddəsində qeyd olunub ki, ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir.

 

“Təhsil haqqında” Qanuna görə, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir:

 

-bakalavriat

 

-magistratura

 

-doktorantura.

 

Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir.  Doktorantura isə ali təhsilin ən yüksək səviyyəsi оlmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. Bir sözlə, elm sahəsi də təhsil kimi ali məktəblərin əsas fəaliyyət istiqamətidir. Bu, Nazirlər Kabinetinin 23 aprel 2010-ci il tarixli Qərarı ilə təsdiq edilən “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda,  19 yanvar 2019-cu il tarixli Qərarla təsdiqlənən “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə də geniş şəkildə öz əksini tapıb.

 

“Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 1.2-ci maddəsində yazılıb: “Ali təhsilin məqsədi ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, müxtəlif ixtisaslar (ixtisaslaşmalar) üzrə yüksəkixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlanmasından ibarətdir”.

 

Ali məktəblərin elmi istiqamət üzrə fəaliyyəti “Elm haqqında” Qanunla da tənzimlənir.

 

Bütün bu qanun və qərarların icrasını təmin etmək məqsədilə ali məktəblərdə elmi işlər üzrə prorektorluq fəaliyyət göstərir.

 

Əlbəttə ki, Naxçıvan bu sahədə də fərqlənməli idi və fərqlənib. Vasif Talıbovun tapşırığı ilə bir neçə il bundan əvvəl Naxçıvanda fəaliyyət göstərən ali məktəblərdə elmi işlər üzrə prorektor vəzifəsi ləğv edilib. Bir adam da ürək edib deməyib ki, qibleyi-aləm, axı elmi işlər üzrə prorektorsuz ali məktəb olmaz. Azərbaycanın bütün ali məktəblərində bu sahə üzrə prorektorlar fəaliyyət göstərir.

 

Bəs indi Naxçıvanın ali məktəblərinin elmi istiqamətdə fəaliyyətinə kim rəhbərlik edir? Ali məktəblərin internet saytlarından da görünür ki, bu təhsil müəssisələrinin elmi istiqamətdə fəaliyyəti vardır. Bilirik, Naxçıvanın trolları dərhal çıxıb deyəcəklər ki, bəs ali məktəblərdə elmi katib var. Ona görə də əvvəlcədən onların bu arqumentinə cavab olaraq bildiririk ki, elmi katib Elmi şuranın katibidir. Üstəlik bir nəfər ali məktəbin böyük bir fəaliyyət istiqamətini həyata keçirə, tənzimləyə bilməz. Bunun üçün işçiləri olan prorektorluq fəaliyyət göstərməlidir.

 

Məlumatlı mənbəmiz deyir ki, bu addım guya vəsaitə qənaət etmək məqsədilə atılıb. İldə yüz milyonlarla manat dövlət vəsaitini mənimsəyənlərin qənaət məntiqinə baxın. Muxtar respublikanın gömrük orqanlarını tərsinə çevirərək silkələyib son qəpiyini də ciblərinə yığanlar belə qənaətlə Naxçıvanın ali məktəblərində elm sahəsini də böyürü üstə qoyublar. Universitetlərdə elmi işlər üzrə prorektor vəzifəsinin vəsaitə qənaət olunması məqsədilə ləğv edilməsinə inanmaq olmur. Axı bir prorektorun il ərzində alacağı əməkhaqqı o qədər də böyük məbləğ deyil. Bəs o zaman məqsəd nədir? Belə olan halda adamın ağlına başqa-başqa fikirlər gəlir. Bizim də məntiqimiz deyir ki, məqsəd ali məktəblərdə elm sahəsini diqqətdən kənarda saxlamaq, bu sahənin o qədər də əhəmiyyətli olmadığını göstərmək, elmə marağı azaltmaq, beləliklə, elmli və yüksək ixtisaslı kadrların hazırlanmasına imkan verməməkdir. Əks təqdirdə, ölkənin bütün ali məktəblərində olan elmi işlər üzrə prorektor vəzifəsi Naxçıvanın institut və universitetlərində niyə ləğv edilsin ki?! Bunun başqa bir izahı da ola bilər: sadəcə, Vasif Talıbov belə istəyir. O, Azərbaycanın hər yerindən fərqlənmək, “özünəməxsus idarəçilik modeli” yaratmaq üçün belə absurd qərarlar verir. Görəsən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bunun səbələrini araşdırbmı? Yoxsa heç xəbəri yoxdur? İkinci variant daha ağlabatandır. Çünki Vasif Talıbov indiyədək Azərbaycanın heç bir dövlət orqanına, heç bir vəzifəli şəxsə imkan verməyib ki, onun “daxili işlərinə” qarışsın. Bütün bu neqativ hallara görə, dəfələrlə deyilib ki, Naxçıvanı Azərbaycandan qoparıblar. Əgər mərkəzdən nəzarət olsa, Talıbov belə qərarlar qəbul edə, Naxçıvanı bu kökə sala bilməzdi./TNS

Tarix: 4 Dekabr 2022, 01:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin