BURADA REKLAMINIZ OLA
BİLƏR

Sosioloq: “Vəzifəli birinin yanında başqasına deyir ki, “kənardan şəklimi çək”, guya bu, həmin vəzifəli adamın yaxınıdır…”

“Biri var, vəzifəsi olan adam, biri var məşhur adam. Məşhurlarla şəkil çəkdirmək hər bir ölkədə yayılmış haldır, yəni məşhur yazıçı, aktyor, idmançı ilə şəkil çəkdirmək bütün ölkələrdə var. Buna insanların hər birinin marağı ola bilər. Amma vəzifəli adamla şəkil çəkdirmək inkişaf etmiş ölkələr üçün xarakterik xüsusiyyət deyil. Bu, bizim ölkədə aşırı şəkildə özünü büruzə verir və yaxşı xüsusiyyət deyil. Bizdə kimsə vəzifədədirsə, o da özünü elə nümayiş etdirir ki, guya bu, çox mühüm adamdır. Vəzifədən çıxandan sonra isə yazıq-yazıq gəzib-dolanmaqları da var”.

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq sosioloq Əhməd Qəşəmoğlu deyib.

 

O bildirib ki, insanlar vəzifəli şəxsləri görəndə sanki özlərində onlara qarşı qeyri-adi münasibət hiss edirlər: “Təkcə şəkil çəkdirmək məsələsi deyil. Vəzifəli adam sosial şəbəkədə hansısa məlumat paylaşırsa, baxırsınız ki, ona minlərlə şərh yazırlar. Amma vəzifəsi olmayan, yoxsul biri daha maraqlı material paylaşsa da, bunu qeyd edənlər barmaqla sayılası qədərdir. Bu, bir yarımçıqlıq kompleksidir - insanların savadından, təhsilindən, dünya görüşündən asılı olaraq formalaşmış kompleks. İnsanlarda özünə güvən və hörmət hissinin zəif olması kompleksidir. Yaxşı göstərici, xüsusiyyət deyil…”

 

Ə.Qəşəmoğlu deyib ki, Azərbaycanda belə hallar çox yayılıbsa, bunun üzərində ciddi düşünmək lazımdır: “Çünki bunun arxasında sadaladığımız çatışmazlıqlar dayanır. Deməli, lap uşaqlıqdan yeniyetmələrin, gənclərin tərbiyəsində xeyli nöqsanlara yol vermişik. Düşünürəm, belə hallar bir az ictimai qınaq obyekti olmalıdır. Nə olsun ki, hər hansı vəzifəli adam səninlə şəkil çəkdirdi? Ölkəmizdə bundan sui-istifadə halları çoxdur. Bir də baxırsan, kimsə vəzifəli birinin yanında durub, başqasına da deyir ki, “kənardan şəklimi çək”, sonra da hər yerdə şəkli yayır, guya bu, həmin vəzifəli adamın tanışı, yaxınıdır. Hətta bəzən çalışırlar ki, imkan düşən kimi ölkə başçısı ilə, yaxud başqa yüksək vəzifədə işləyən adamın yanında durub, şəkil çəkdirsinlər. Bütün bunlar yarımçıqlıq əlamətləridir. Deməli, bu istiqamətdə təlim-tərbiyə sistemimiz qaydasında deyil. İnsan özünə hörmət edirsə, vəzifə sahibidirsə, müəyyən bir işin öhdəsindən gələ bilirsə, özü özünə hörmət etməlidir. Mən də belə halları müşahidə edirəm və arzuolunmaz bir hal kimi qiymətləndirirəm…”

 

Aytəkin Qardaşova

Tarix: 5 Dekabr 2022, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin