BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mollalar başını aşağı salıb öz işini görür”

“Heç kəsə sirr deyil ki, son vaxtlar Borçalıda İranın dini təbliğatına uyanların sayı  həndəsi silsilə üzrə çoxalmaqdadır. Tarix boyu öz mötədilliyi, dünyəviliyi ilə seçilən, dünyadan xəbərsiz – savadsız mollaların felinə gəlməyən, dini kimliyini xüsusi olaraq qabartmayan insanlarımızın içinə sızmış İrançı şəbəkənin destruktiv fəaliyyətini rahat izləmək mümkün deyil. Niyə belə olur? Kifayət qədər ritorik sualdır, sizə deyim, səbəbləri başqalarının ardınca təkrarlayıb sizi yormaq istəmirəm. Sadəcə bilmək lazımdır ki, təbiət boşluğu sevmir. Siz gözünüzü yumub, qulağınızı yapırdıb oturacaqsınızsa, mənəvi ərazinizdə başqaları özünə yer edəcək. Həm də ruhunuzun gigiyenası ilə məşğul olmursunuzsa, virusdan şikayətlənmək ağıl karıdırmı? Mənə gün kimi aydındır ki, Gürcüstan hakimiyyəti bir nöqtəyə kimi dözəcək, sonra ağına-bozuna baxmadan, Qum havasına girənləri bir-bir dənləyəcək. Bəzən mənə deyirlər, niyə Borçalıda gedən proseslər barədə fikir bildirmirsən? Əvvəla, qıraqda dayanıb notasiya oxumaqdan, işin içini bilmədən yekə-yekə danışmaqdan xoşum gəlmir? Həm də, heç İran mətbuatında Borçalı və Borçalılar haqqında havanı titrədən bəyanlara rast gəlirsinizmi? Yox! Mollalar başını aşağı salıb öz işini görür, sadəcə. İnsan birdən-birə bəlaya düşür, amma cəhalətə yavaş-yavaş yuvarlanır. Mənə görə, istənilən toplumun ən böyük problemi əhalinin yekcins kütləyə çevrilməsindədir. Yəni anlayışlar, rənglər, yanaşmalar, estetik kateqoriyalar arasındakı qradasiyanın yox olmasında, yaxşı ilə pisin sınırlarının silinməsindədir problem. Hər şey gözümüzün önündə, yavaş-yavaş baş verir. Borçalının problemlərindən danışarkən, məhz bu paradiqma və ya fikir vektoru əsas götürülməlidir. Çünki toplum boz-bulanıq, yekcins kütləyə çevriləndən sonra ona əldəqayırma avtoritetlər, saxta dəyərlər sırımaqdan asan heç nə yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Etimad Başkeçid bildirib.

 

“Yəqindir ki, toplumun statik görkəminin yayğınlaşması ağır fəsadlara gətirib çıxarmaya bilməz. Bunun fərqində olan insanlarımız yox deyil, həm orda, həm də burda. Eşitdiyim, bildiyim qədər bu yöndə hansısa layihələr “həyata keçirilir”, müəyyən işlər “görülür”. Dırnaq burada görülən işlərin tamamilə efemer xarakter daşıdığını bildirir. Bu da öz növbəsində bu işlə məşğul olanların fəaliyyətinin effektivliyini ölçən alətlərin yetərsizliyini və ya ümumiyyətlə yerli-dibli olmadığını göstərir. Dəyərli söz adamı Allahverdi Təkləlinin hekayəti də bunu göstərir. Allahverdi burada stilistik fiqurdur, baxış bucagı yaradan prizmadır sadəcə. Çünki aşağı-yuxarı Borçalı ilə bağlı bütün məsələlərdə oxşar mənzərə müşahidə olunur. Beləliklə, söylədiklərimizi nəzərə aldıqda, Borçalıda yaşayan tanınmış fikir və söz adamlarının şəxsi təşəbbüslərinin dəstəklənməsinə böyük ehtiyac yaranır. Belə insanlarımızdan biri də hamımızın tanıdığı gözəl yazar və araşdırmaçı Allahverdi Təkləlidir. Allahverdi Gürcüstan Yazıçılar Birliyinin nəzdində Azərbaycan bölməsinin yaradılması üçün uzun illər əmək qoymuş adamdır. Maraqlıdır ki, GYB-nin nəzdində Gürcüstan ermənilərinin anoloji qurumu çoxdan fəaliyyət göstərirdi. Hazırda ermənilərin “Noraşen”, “Nor Serund” və “Region” adlı üç jurnalı nəşr olunur Gürcüstanda. Hələ qəzetlərini demirəm. Sözüm onda deyil. Deməli, Dövlət Tərcümə Mərkəzinin 2017-ci ildə Tbilisidə keçirilən tədbirində GYB-də ilk dəfə Azərbaycan bölməsinin yaradıldığı haqqında qərar açıqlandı. Gürcüstan Yazıçılar Birliyinin sədri Baqater Arabuli Allahverdi Təkləlinin Azərbaycan bölməsinin sədri təyin edildiyini bildirdi. Tədbirdə Gürcüstanın baş nazirinin birinci müavini, mədəniyyət məsələləri üzrə müşaviri, tanınmış yazarlar və mədəniyyət xadimləri iştirak edirdi. Yazıçılar Birliyinin qədimi binasında Azərbaycan bölməsi üçün xüsusi yer ayrıldı, şərait yaradıldı. Tərcümə Mərkəzinin köməyi ilə bölmənin kitabxanasının yaradılması da nəzərdə tutulurdu. Sonra araya pandemiya düşdü, yolla bağlandı. İnşallah, bu məsələ həllini tapacaq. Sonra GYB Azərbaycan bölməsinin Azərbaycan və gürcü dillərində nəşr olunan “Şəfəq-Sxivi” və “Körük” jurnalları təsis edildi. Jurnalların təqdimat mərasimində kimlər iştirak etmirdi! Allahverdi Təkləli bir müddət jurnalları şəxsi vəsaiti hesabına nəşr elədi. Xəstəliyinə, əlverişsiz şəraitə baxmadan. Özünü oda-közə vurdu. Amma varı-halı başından aşan adam deyil Allahverdi. Odur ki, nəşrlərin davamlı çıxması üçün orda və burada ağız açmadığı, qapısını döymədiyi məmur, deputat qalmadı. Onların adını bir-bir burada sadayalaya bilərəm. Sadəcə, ehtiyac görmürəm! Ermənilərin Gürcüstanda nəşr edilən jurnal və qəzetlərinin maliyyə qaynaqları haqqında da heç nə demirəm, müqayisə aparmıram. Onu da demirəm ki, o boyda Borçalıda insanların fikir mübadiləsi və intellektul diskussiyalar aparmaq, hansısa problemlər ətrafında gürcü ictimaiyyəti ilə ortaqlaşmaq, Tiflis ədəbi mühitini dirçəltmək, sadəcə toplumun imicini durultmaq və s. imkanı yox dərəcəsindədir. Allahverdi Təkləliyə isə, Allah səbir versin deyirəm!” – E.Başkeçid qeyd edib.

 

Kənan

Tarix: 5 Dekabr 2022, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin