BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbovun kələm, kartof, soğan tələbi ləğv olundu

DTX-nın Naxçıvanda keçirdiyi əməliyyat yerli gömrük orqanlarının fəaliyyətində müsbət dönüşə səbəb olub.

 

Pravda.az xatırladır ki, xüsusi xidmət orqanı tərəfindən Naxçıvanda keçirilən antikorrupsiya əməliyyatından sonra Naxçıvan Dövlət Gömrük Komitəsinin şöbə müdiri Mənsur Əsgərov və Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev saxlanılıb. Hazırda Naxçıvan gömrüyündə ciddi islahatların aparıldığı bildirilir. İslahatlar çərçivəsində Naxçıvanın gömrük orqanlarında çalışan 20-ə yaxın şəxsin işdən uzaqlaşdırıldığı ilə bağlı məlumatlar var.

 

Naxçıvan sakinlərinin Yenisabah.az-a verdiyi məlumata görə, Muxtar Respublikada baş verən dəyişikliklər ən çox onların ürəyincədir. Belə ki, əvvəlki dövrdən fərqli olaraq, Naxçıvanın bütün dövlət strukturları indi qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir, süründürməçilik və özbaşınalıq hallarından maksimum uzaq olmağa çalışırlar.

 

Sakinlərin sözlərinə görə, islahat dalğası Türkiyə ilə keçid-buraxılış məntəqəsinin fəaliyyətində əsaslı dönüşə səbəb olub. Əvvəlki dövrdən fərqli olaraq indi Türkiyəyə gedən və qardaş ölkədən Naxçıvana gələn şəxsləri incitmir, onları saatlarla sərhəddə gözləməyə məhkum etmirlər.

 

Mənbə deyib ki, Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün naxçıvanlılar qardaş ölkəyə gedib-gələrkən ciddi problemlərlə üzləşirdilər. Naxçıvan gömrüyünün rəhbərliyi onların qarşısına absurd tələblər qoyurdu: “DTX Naxçıvanda antikorrupsiya əməliyyatı keçirənə kimi Naxçıvandan Türkiyəyə keçmək istəyən şəxs özü ilə ən azı 50 kiloqram yük aparmalı idi. Naxçıvanlılar məcburiyyət qarşısında qalıb mövsümə uyğun bazarlıq edirdilər. Ucuz olanda kələm, kartof, soğan və s. bostan məhsullarını alırdıq ki, 50 kq yüklə bağlı tələb yerinə yetirilsin. Bəzən elə olurdu ki, sərhədi keçən kimi aldığımız kələmi, kartof, soğanı o tayda dərənin dibinə yuvarlayırdıq. Çünki həmin məhsullar İğdırda Naxçıvandan ucuz idi. Bu gülünc tələbə görə Vasif Talıbovun kələm, kartof, soğan, badımcan, xiyar plantasiyalarında işlər yağ kimi gedirdi. Bəzən elə olurdu ki, bir gündə Naxçıvan-Türkiyə sərhədində 10-15 ton kələm satılırdı”.

 

Sonda mənbə bildirib ki, DTX-nın gömrüyü nəzarətə götürməsindən sonra Türkiyədən Naxçıvana gələn turistlərin də işi asanlaşıb. İndi heç kim onları 8-10 saat gömrükdə gözləməyə məcbur etmir. Onlar qanuni prosedura yerinə yetirib, cəmi 8-10 dəqiqə ərzində Azərbaycan ərazisinə keçə bilirlər.

Tarix: 6 Dekabr 2022, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin