BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücülük vəsiqəsi ilə bağlı mühüm açıqlama

Son vaxtlar Rusiyadan və Gürcüstan sürücülük vəsiqəsi almış, pandemiya səbəbindən Azərbaycandan geri qayıda bilməyən sürücülər ciddi problemlər üzləşirlər. Onların dediyinə görə, yol polisi Gürcüstandan və Rusiyadan alınan sürücülük vəsiqələrinin Azərbaycanda dəyişdirilməsini tələb edirlər. Bir aydan artıq müddətdə dəyişdirməyənlər isə cərimə edilir. Lakin bu məsələdə fərqli yanaşma var. Yəni xarici ölkələrdən alınmış sürücülük vəsiqələrinin Azərbaycanda dəyişdirilməsi hamıya aid deyil. Burada müddət və ölkədə qalma səbəbi mütləq fərqləndirilməlidir. Hüquqşünas Ərşad Hüseynov xarici ölkələrdə alınmış sürücülük vəsiqələrinin Azərbaycanda tanınması və dəyişdirilməsi qaydaları ilə bağlı fikirlərini açıqlayıb. O, Avtosfer.az-a açıqlamasında bildirib ki, xarici ölkələrdə alınmış sürücülük vəsiqələrinin Azərbaycanda dəyişməsi ilə bağlı iki mühüm məqam var. Onlardan biri Azərbaycan vətəndaşlarının xaricdə aldığı vəsiqələrlə, digəri isə əcnəbilərin vəsiqələri ilə bağlıdır.

 

Hüquqşünas qeyd edib ki, “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinə əsasən, xarici ölkələrdə alınmış və Vyana Konvensiyasına uyğun olaraq sürücülük vəsiqələri Azərbaycanda hüquqi qüvvəyə malikdir: “Təbii ki, əgər müddəti keçməyibsə. Amma həmin vəsiqələrin Azərbaycanda istifadə olunması ilə bağlı müəyyən tələblər var. Əgər xarici sürücülük vəsiqəsi olan şəxs Azərbaycan vətəndaşıdırsa, ölkəmizə gəldikdən sonra Dövlət Sərhəd Xidmətinin möhürü ilə Azərbaycan Respublikasına daxil olduqdan sonra həmin vəsiqədən cəmi bir ay müddətində istifadə edə bilər. Bir aydan artıq istifadə edildikdə, vəsiqə, Azərbaycanın milli sürücülük vəsiqəsi ilə dəyişməlidir.

 

Dəyişmək üçün istənilən “ASAN Xidmət” mərkəzinə yaxınlaşıb 30 manat dövlət rüsumu ödəməklə dəyişmək mümkündür.

 

Əgər həmin xarici vəsiqəni Azərbaycan Respubliksasının ərazisinə gələn əcnəbi istifadə edirsə, bu zaman əcnəbinin Azərbaycanda olma statusundan asılı olaraq fərqli münasibət yaranır.

 

Miqrasiya Məcəlləsinə görə, əcnəbilər Azərbaycanda əsasən iki formada ola bilərlər: Azərbaycanda müvəqqəti olma, yəni oturum icazəsi almadan yaşamaq. Yəni onların müvəqqəti və ya daimi yaşamaq üçün oturumu olmur. Bu halda, həmin şəxslər Azərbaycanda 90 günə qədər yaşaya bilər. Bəzi hallarda sərhədi keçib geri qayıdaraq və ya Azərbaycanının daxilində olaraq vaxtı uzada da bilərlər. Daimi yaşayış icazəsi alınmadığı təqdirdə xarici vəsiqəni dəyişməyə ehtiyac yoxdur. Həmin sürücülük vəsiqəsi, Azərbaycanda 3-8 ay, 1 il, hətta 3 il də istifadə oluna bilər. Bir şərtlə ki, xarici vəsiqənin müddəti bitmiş olmasın.

 

İkincisi, əgər xarici vətəndaş müvəqqəti və ya daimi yaşayış üçün icazə alırsa, Dövlət Miqrasiya Xidməti həmin şəxsin yaşayış yeri kimi Azərbaycanı qeyd edir. Belə olan halda, oturumu aldığı tarixdən bir ay müddətinə xarici vəsiqə Azərbaycanın milli vəsiqəsi ilə dəyişilməlidir.

 

Dəyişmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin pozuntusu baş verir.

 

Bir sözlə, əcnəbi Azərbaycanda daimi və ya müvəqqəti yaşamaq icazəsi almayıbsa onun sürücülük vəsiqəsinin ölkəmizdə dəyişməsinə ehtiyac yoxdur.

 

Qonşu ölkələrdə, Gürcüstanda və Rusiyada yaşayan, həmin ölkənin vətəndaşı olan soydaşlarımızın əksəriyyəti Azərbaycana müvəqqəti gəlirlər, yəni oturum almayıb 90 günə qədər burada qalırlar. Bəzi hallarda, bu müddət də uzadılır. Xüsusən də, pandemiya zamanı belə hallar çox oldu. Onlar oturum almadıqlarına görə xarici ölkədən aldıqları vəsiqəni dəyişməyə ehtiyac qalmır. Bunu onlardan heç kim tələb edə bilməz.

Tarix: 6 Dekabr 2022, 14:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin