BURADA REKLAMINIZ OLA
BİLƏR

"Gürcüstanda ucuzluğun heç tozu yoxdur, getdi o zamanlar"

Sonuncu dəfə Tbilisidə bu ilin mart ayında olmuşdum.
 

Rusiya təcavüzü artıq başlamışdı, amma həm oradan, həm Ukraynadan gələnlərin axını hələ yox idi.
 

Bu dəfə isə küçələrdə, restoranlarda, dükanlarda rus dili gözəçarpan dərəcədə çoxalıb.
 

Bəs Gürcülərin buna münasibəti necədir?
 

Çətin sualdır, bir tərəfdən problemlər çoxalıb, öz maşınları ilə gələnlər tıxacların böyüməsinə səbəb olur, bəzi hallarda xoşagəlməz münaqişələr baş verir, evlərin və kirayələrin qiyməti isə surətlər artıb.


Amma digər tərəfdən Gürcüstan iqtisadiyatı güclü dəstək aldı, büdcəyə pullar axdı, biznes fəallaşdı və s.


Bakıdan gələn nəyə fikir verəcək?


İlk növbədə siqnal səsindən dincələcək, Gürcülər mahnı oxumaqı sevirlər, siqnal verməyi yox.


Amma eyni zamanda zebrada piyadaya yol verməklə də araları yoxdur.


Həyasızlığını işə salıb özünü yola atmasan pensiya yaşına çatmaq sevincini Tiflis küçələrində qeyd etməli olacaqsan, pensiyanın miqdarı bu sevincin anasaını ağlar qoymasa.
 

Keçək qiymətlərə.


Ay Gürcüstanda belə ucuzluqdur, ay gəlin özümüz lezvalayaq, axı niyə belədir filan - boş söhbətlərdir.
 

Ucuzluğun heç tozu yoxdur, getdi o zamanlar, orta səviyəli restoranda iki nəfərlik nahar bizim pulla 100 manata başa gəlir.


Bir şiş toyq kəbabı 10 manat, quzu kəbabının bir şişi 20 manat, dana kəbabı 15 manat, bir ədəd xinkali 1 manatdan 1,5 manata qədər, bir badə şərab 5 manatdan 8 manata qədər, butulka ilə alsan 18 manatdan 55 manata qədərdir qiyməti.


Mərkəzdə iki nəfərlik səhər yeməyi 55 manat (set), iki yumurtalı qayqanaq 10 manat və s.


Dükanlar da eyni, amma yerli istehsal ayaqqabılar münasib qiymətədir və kifayət qədər keyfiyətlidir.


Bunun səbəbləri var, hələ sovet zamanlarında biz gedib Gürcüstandan neleqal sexlərdə istehsal olunan yerli çəkmələr alırdıq, yəni ustalıq ənənələrini itirməyiblər, sadəcə indi sexlər kölgədən çıxıb leqal fabrik olublar.


Hotellər də həmçinin, bölgələrdə 5 ulduzlu hotellərdə bir gecə 250 dollara başa gəlir, özüdə şənbə-bazar və bayram günlərində yer tapmaq olmur.
 

Yəni dəyişiliklər çoxdur, dəyişilməyən yalnız Gürcü qonağpərvərliyi, dadlı Gürcü mətbəxi, Gürcü mahnıların məharətli ifası və ürəyimə yağ kimi yayılan Gürcü pafosudur...


Sevirəm bunların hamısını, gürcü ilə bir masa arxasında oturmaq nə qədər ləzzət edir.


O deyir, sən deyirsən, o lovğalanır, sən lovğalanırsan, o basıb bağlayır, sən də geri qalmırsan, nəticədə isə çox mehriban, çox sadıq, ürəyi açıq dost qazanırsan, şən, məzəli və səmimi ünsiyət də öz yerində.


Sabah Msxetaya da baş çəkib dönəcəm evə, İnşallah...


Azər Qərib 

Tarix: 7 Dekabr 2022, 02:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin