BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Sülhməramlıların nəzarət etdikləri ərazilərimizə yürüş yeni gərginliklərin yaradılmasına səbəb ola bilər…”

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdikləri Qarabağ ərazisinə dinc yürüşlərin təşkil olunması ilə bağlı təklifə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu məsələlər daha çox danışıqlar masası ətrafında həllini tapmalıdır.

 

N.Məhəməliyev hesab edir ki, problemləri daha çox siyasətlə yoluna qoymalıyıq: “Səmimi desək, indiki halda hələ diplomatik gedişlər tam tükənməyib. Danışıqlar lazımi effekt verməzsə, rus sülhməramlıları yenə də özbaşınalıq edərsə, mandatlarına uyğun fəaliyyət göstərməsələr, təzyiq vasitələrindən istifadə mümkündür. Rusiya tərəfi ilə bu məsələləri həll etmək imkanımız var. Diplomatik üsullar tükənməyib. Vətəndaşlarımızın, ayrı-ayrı dinc mülki sakinlərin rus sülhməramlıların nəzarət etdikləri ərazilərimizə yürüşünün təşkil olunması daha çox yeni gərginliklərin yaradılmasına səbəb ola bilər. Bu da, təbii ki, sülh müqaviləsinin imzalanmasından yayınan ermənilərə daha çox sərf edər. Həm də Qarabağdakı separatçıların əlinə “kozır” vermiş olarıq ki, Azərbaycan xalqı sivil danışıqlar yoluna gərginlik gətirir. Bu, sülh prosesini uzada bilər. Ona görə də daha çox diplomatik yollarla məsələləri həll etməliyik”.

 

Deputat “rus sülhməramlıların Azərbaycan jurnalistlərinin Xankəndiyə keçməsinə maneə törətmələrində danışıqların fayda vermədiyini gördük” sualına isə belə cavab verib: “Jurnaslitlərimizin mərdliyini, prinsipiallığını çox yüksək qiymətləndirirəm. Hesab edirəm, bu tədbirin müsbət nəticəsi oldu. Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovun dilindən eşitdik ki, Laçın dəhlizində mini gömrük postu qurulacaq, nəzarəti Azərbaycan həyata keçirəcək. Eyni zamanda Qarabağ ərazisində Azərbaycan toponimlərinin təhrif olunmasını Volkov etiraf etdi. Dedi ki, biz daim Azərbaycanın verdiyi variant əsasında toponimləri təqdim edirik, amma Rusiyanın Müdafiə Nazirliyi bu məsələlərdə səhlənkarlıq göstərir. Jurnalistlərin zaman-zaman sülhməramlıların nəzarətində olan bölgəyə gedib, Rusiya sülhməramlılarından istənilən informasiyanı almaq hüquqları var. Buna müsbət yanaşıram. Hər hansı qanun pozuntusu, təbii sərvətlərimizin kortəbii daşınması, İran əsilli diversantların Qarabağa qanunsuz daxil olması və s. məsələlərlə bağlı jurnalistlərimiz, ayrı-ayrı kütləvi informasiya vasitələri, agnetliklər bilavasitə sülhməramlıları sorğu-sual etməlidirlər. Ümumiyyətlə, onlara xarici vətəndaşların Azərbaycan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dövlətinin razılığı olmadan Qarabağa daxil olması ilə bağlı suallar ünvanlanmalıdır. Jurnalistlərimizin buna təbii haqqı var. İstər Volkov, istər onun tabeliyində olan digər müavinləri, komandirlər zaman-zaman hiss etməlidirlər ki, hər bir qanunsuz hərəkət, mandatları ilə uzlaşmayan fəaliyyət Azərbaycan cəmiyyətinin nəzarətindədir. Bu narahatlıq daim sülhməramlılarda olmalıdır ki, qanunsuz hərəkətlərə yol verməsinlər. Normaldır. Bu səviyyəyə gəlib çatmağımız haqlı tərəf olduğumuzun nəticəsidir. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü 5 prinsipin hər biri beynəlxalq hüququn normalarına uyğundur və ədalətlidir. Buna görə də beynəlxalq birlik, hətta kürəsəl, qlobal güclər belə hüquqi müstəvidə əleyhimizə nəyəsə nail ola bilmirlər. Fransanın timsalında biz bunu gördük…”

 

N.Məhəməliyev “Volkov toponimləri Azərbaycanın verdiyi variant əsasında təqdim etdiklərini desə də, rus hərbçiləri jurnalistlərlə danışıq zamanı tez-tez “Dağlıq Qarabağ” ifadəsi işlədirdilər” fikrini isə belə dəyərləndirib: “Çox yaxşı olar ki, Volkov, yaxud istənilən ikinci tərəf fəaliyyətini Azərbaycan dövlətinin apardığı siyasətə uyğun qursun. Onlar Azərbaycanın suveren ərazilərində yerləşdiriliblər, Ermənistanın, yaxud başqa ölkənin yox. Onların vəzifə borcudur ki, Azərbaycan qanunvericiliyinə uyğun terminlərdən istifadə etsinlər. Təəssüf ki, uzun illərin “Dağlıq Qarabağ” termini artıq beynəlxalq terminə çevrilib, belə adlanıb. Ola bilsin, sülhməramlılar avtomatik olaraq bu ifadəni işlədirlər. İş rejimində də daha çox ermənilərlə, öz hökumətləri ilə ünsiyyətdə olurlar. Müəyyən dövr keçəndən sonra, düşünürəm, artıq alışacaqlar. Necə ki, hətta toponimlərlə bağlı Müdafiə Nazirliyi belə müəyyən dəyişikliklər etmək məcburiyyətində qaldı. Bu da keçib, gedəcək. Bunu qəlizləşdirmək, hesab edirəm, o qədər də doğru deyil. Zamanla aradan qaldırılacaq. Əsas məsələ sülhməramlıların Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyətlərini qurmalarıdır…”

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2022, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin