BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Bu müqavilələri imzalayan heç bir dövlət Naxçıvanın muxtariyyət statusunu birtərəfli qaydada ləğv edə bilməz…”

“Son günlər kütləvi informasiya vasitələrində Naxçıvanın statusunun ləğv olunması barədə çoxsaylı bəyanatlar səslənməkdədir. Bu cür iddialarla çıxış edənlər öz mövqelərini onunla əsaslandırırlar ki, Azərbaycan unitar dövlətdir və unitar dövlətin tərkibində muxtar qurum ola bilməz. Məlumdur ki, Naxçıvanın statusu barədə müddəalar iki beynəlxalq müqavilədə öz əksini tapıb. Onlardan birincisi 1921-ci ilin 16 martında Rusiya və Türkiyə arasında imzalanmış "dostluq və qardaşlıq" haqqında Moskva müqaviləsidir. Həmin müqavilənin 3-cü maddəsində   hər iki   tərəfin   Naxçıvan əyalətinin   Azərbaycanın  himayəsi altında   muxtar ərazi təşkil etməsinə razı olduğu öz əksini tapıb. Bu şərtlə ki, Azərbaycan himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

 

O bildirib ki, Naxçıvanın muxtar statusunu müəyyənləşdirən ikinci beynəlxalq sənəd 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsidir:

 

“1922-ci il sentyabr ayının 11-də qüvvəyə minmiş həmin müqavilənin 5-ci maddəsində deyilirdi: “Türkiyə hökuməti və Sovet Ermənistanının və Azərbaycanının hökumətləri razılaşırlar ki, Naxçıvan əyaləti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”. Göründüyü kimi, Naxçıvanın muxtariyyət statusu bu gün qüvvədə olan Moskva və Qars beynəlxalq müqavilələri ilə təsdiqlənib. Müqaviləni imzalayan heç bir dövlət onu birtərəfli qaydada ləğv edə bilməz. Çünki Moskva müqaviləsinin birtərəfli qaydada ləğvi beynəlxalq müqavilələr haqqında 1969-cu il Vyana Konvensiyasının, 1975-ci il Helsinki müşavirəsinin yekun aktının müddəalarına ziddir. Unitar dövlətlərin tərkibində muxtar qurumların olması halları beynəlxalq təcrübədə geniş yayılmasa da, hər halda mövcuddur. Misal kimi həm Gürcüstan, həm də Moldova və Özbəkistan respublikalarının tərkibində mövcud olan muxtar qurumları göstərmək olar. Həmçinin unitar dövlət olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tərkibində İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya kimi geniş səlahiyyətlərə malik muxtar qurumlar mövcuddur. Yaranmış vəziyyətdə ən düzgün yol Naxçıvanın muxtar statusunun ləğv edilməsi deyil, onun məzmununun dəyişdirilməsi ola bilərdi. Bu məqsədlə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarında dəyişikliklər edilə və səlahiyyətlərə yenidən baxıla bilər. Bu halda muxtar qurumun səlahiyyətləri əsaslı şəkildə azaldılar və Naxçıvanda hakimiyyətin bölünməsi prinsipi təmin oluna bilərdi…”

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2022, 15:23   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin