BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölkəmizdə Rəqabət Məcəlləsinin qəbul edilməsinə böyük ehtiyac var - RƏY

Azərbaycanda azad sahibkarlığın inkişafına, yerli istehsala və yerli məhsulların dünya bazarına ixracına dövlət dəstəyi göstərilir. Ölkəmizin sosial-iqtisadi yüksəlişində vətəndaşların fəal iştirakını təmin etmək, təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, məşğulluğun artırılması istiqamətində əlavə imkanlar yaradılır, layihələr həyata keçirilir. Azərbaycan bu sahədə artıq öz mütərəqqi inkişaf modelini müəyyən edib.

 

Bu barədə Pravda.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, ölkəmizdə sahibkarlığın fəaliyyəti üçün müəyyən münbit şərait yaradılıb.

İqtisadçı deyib ki, dövlət, müvafiq banklar tərəfindən sahibkarlar bəzi güzəştli kreditlər, güzəştli maliyyə çıxış imkanları ilə təmin ediliblər:

 

“Lakin bu gün ölkəmizdə rəqabətlilik imkanları məhduddur, inhisarçılıq təsirləri yenə də müşahidə olunur. Bu, daha çox ərzaq təminatında özünü göstərir. İri şirkətlərin marketinq siyasəti nəticəsində kiçik və orta sahibkarlara böyük təzyiq və təsirləri də müşahidə edirik. Bu da öz növbəsində kiçik və orta sahibkarların inkişafına maneə olur. Məsələn, şəbəkə marketlər bu gün çox geniş yayılıb. Hətta bəzən görürük, kiçik məhlələrə də daxil olub, orada işləyən sahibkarlara deminq siyasəti həyata keçirərək, müəyyən qiymət endirişi zamanı monopolis bazar payının çox olmasından istifadə edərək digər kiçik sahibkarları sıxışdırırlar. Sözsüz ki, bunlar problemdir. Bunun üçün ölkəmizdə Rəqabət Məcəlləsinin qəbul edilməsinə böyük ehtiyac var”.

 

E.Kərimlinin sözlərinə görə, bu gün sahibkarlarımızın böyük problemlərindən biri onların elektron ticarət platformalarında zəif iştirak etmələridir:

 

“Sahibkarlarımız, xüsusən kənd təsərrüfatı sahəsi ilə məşğul olan fermerlərimiz üçün bu yöndə təbliğat və təşviqat işlərinin aparılmasına ehtiyac var. Bəzən Rusiya, Ukrayna bazarı bağlı olduğundan sahibkarlarımız ziyan çəkir, digər bazarlara çıxış axtara bilmirlər. Bunun üçün onların müvafiq səriştələri, bilikləri yoxdur. Kənd təsərrüfatında çalışan sahibkarların daha çox elektron platformalarda ticarət qurmaları, yeni müştərilərin axtarılması, yeni bazarlara çıxışlarının təmin edilməsi üçün bu sahədə geniş təbliğata ehtiyac var. Azərbaycana xammal xarici ölkələrdən idxal edildiyindən bu, istehsal sahələrində maya dəyərinə təsir göstərir və xarici mallarla rəqabətlilikdə sahibkarlarımız uduzur. Bəzi məhsulların istehsal sahələri üzrə idxal rüsumları aşağı salınmalıdır, yaxud Əlavə Dəyər Vergisində vergi güzəştləri tətbiq edilməlidir ki, yerli sahibkarlar müəyyən müddətdə rəqabət imkanlarını genişləndirsinlər. Mallarını xarici bazarlarda çıxara bilmələri üçün təsirləri azaldıb, rəqabət imkanlarını genişləndirə, qiymət siyasətlərini daha uyğun qura bilərlər. Müstəqillliyimizin yaşı az olduğundan sahibkarlıq ənənəsi, təfəkkürü də az inkişaf edib. Bu gün sahibkarların geniş maarifləndirmə tədbirlərinə ehtiyacları var. Uzun müddət investisiya qoyuluşu sahibkarlarımızın inkişaf etmə perspektivləri haqqında az düşünmələrinə səbəb olur. Bizim bazar məhduddur, ona görə də sahibkarlar işlərini genişləndirmələri üçün xarici bazarlara çıxmalıdırlar. Sahibkarlıq fəaliyyətinin daha da möhkəmləndirilməsi, dayanıqlılığın təmin edilməsi,  daha çox ixracyönümlü məhsulların istehsalı üçün dövlət siyasətinin genişləndirilməsi, uzunmüddətli investisiya qoyuluşundan çəkinməmək, digər bazarlara yönəlmək məqsədilə təbliğat və yə təşviqat vacibdir”.

 

İqtisadçı Xalid Kərimli isə bildirib ki, ölkəmizdə azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı istiqamətində işlər görülür:

“30 il həyata keçirilən islahatlar bu istiqamətə yönəlib. Lakin liberal iqtisadiyyatın formalaşması hələ bizim məqsədlərimizə daxildirmi, yaxud bu ölkənin proteksionizm maraqlarına tam uyğun gəlirmi, bunun özü bir sualdır. Çünki liberal iqtisadiyyat vergilərin olmadığı, azad ticarətin ön planda olduğu bir iqtisadiyyatdır. Əgər tam liberal iqtisadiyyatdan söhbət ediriksə, onda azad ticarət, azad kapital hərəkatı ön planda olmalıdır. Bu baxımdan, ölkənin hələ fikirləri formalaşmayıb, yaxud indiki kimi olmasını istəyir, iqtisadiyyatı tam olaraq liberallaşdırmaq fikrində deyil. Bu arqumentləri, hardasa, əsaslandırmaq olar. Eyni zamanda ölkədə hal-hazırda ciddi monopoliya, inhisarçılıq problemi var, kapitalın bir neçə qrupun əlində təmərküzləşməsi və inzibati resurslardan aktiv istifadə qeyri-bərabər rəqabət şərtlərinin formalaşmasına gətirib çıxarır. Bu da ümumi rifaha, əhalinin maraqlarına neqativ təsir göstərir. Bu, həm azad sahibkarlıq subyektlərinin sıxışdırılmasına, o cümlədən qiymət səviyyəsində ölkə əhalisi üçün problemə gətirib çıxarır. Rəqabətin olmadığı, ciddi monopoliya şəraitində rəqabətsiz, yüksək qiymətlər də gündəlikdə olur. Bu da əhalinin maraqlarına ziddir. Azad sahibkarlığın inkişafında uyğun istiqamətlərdən biri məhz ölkədə monopoliyanın ləğvidir. Bu, həm də liberal iqtisadiyyatın prinsiplərinə ziddir. Liberal iqtisadiyyatın formalaşması üçün monopoliya ləğv edilməli, rəqabət mühiti yaxşılaşdırılmalıdır ki, həm investisiya mühiti yaxşılaşdırılsın, eyni zamanda ağıllı, güclü, uğurlu sahibkarlar bazar şərtlərində rəqiblərini üstələyə bilsinlər”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 10 Dekabr 2022, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin