BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycanın ərazilərindən hansısa təbii sərvəti çıxarmaq yalnız dövlətimizin icazəsi ilə olmalıdır" - Sülhməramlılara XƏBƏRDARLIQ

“Rusiya sülhməramlı kontingentinin faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək təşəbbüsünə maneə yaratmaları beynəlxalq normalara ziddir. Bu, bilavasitə Azəraycanın suverenliyinə, onun müstəqilliyinə hörmətsizlikdir. Sülhməramlıların nəzarət etdikləri ərazilər Azərbaycan əraziləridir və bu ərazilər BMT-nin müvafiq qərarına uyğun artıq təsdiq olunub. Azərbaycanın suveren ərazilərində hər hansı separatçı qurumun yeraltı və yerüstü təbii sərvətləri talamasına, xaricə daşımasına qətiyyən imkan verilməməlidir. Azərbaycan beynəlxalq normalara əsaslanaraq, öz ərazilərində təbii sərvətlərinin sahibidir və onu qorumağa məcburdur. Sülhməramlıların buna maneə olması isə onların mandatlarına uyğun deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, rus sülhməramlılarının mandatlarında sülhün bərqərar olunması əsas vəzifə kimi qoyulub: “Onlar ilk növbədə yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası barədə münasibətlərini vaxtında bildirməli, Azərbaycan tərəfini məlumatlandırmalı idilər. Təəssüf ki, Azərbaycan bu məlumatları özü əldə edir, daimi olaraq hadisələri izləyir. Müəyyən güzəştlər etməyimizə baxmayaraq, təbii sərvətlərimiz talanır, ekoloji tarazlıq pozulur. Təbii sərvətlərimizin xaricə çıxarılması heç vaxt mümkün olası deyil. Bir vətəndaş kimi bunu qəbul etmirəm. Müvafiq nazirliklərin nümayəndələri iki dəfə yerlərdə olublar. Onların ərazilərimizdə monitorinq aparmaq hüquqları, ixtiyarları var. Təəssüf ki, sülhməramlıların bilavasitə təşəbbüsü, eyni zamanda Qarabağda yerləşən müəyyən qüvvələr, separatçılar tərəfindən bunun qarşısı alınır. Müəyyən tapşırıqlar verilməli, mütləq həmin ərazilərin monitorinqi aparılmalı, dəymiş ziyan qiymətləndirilməli, bununla əlaqədar beynəlxalq təşkilatlar, müvafiq orqanlar qarşısında məsələ qaldırılmalıdır. Azərbaycanın ərazilərindən hansısa təbii sərvəti çıxarmaq yalnız Azərbaycan dövlətinin icazəsi ilə olmalıdır. Təəssüf ki, Azərbaycan dövləti humanistlik göstərir, müəyyən hərbi yollara əl atmır. Bundan istifadə edən sülhməramlılar öz mandatlarından kənar, eləcə də separatçılar yenidən təcavüzkar əməllərini həyata keçirirlər. Çox ciddi tədbirlər görülməli, çağırış edilməlidir. Lazım gələrsə, həmin ərazilərə hərbi qüvvələrimiz yeridilməlidir. Azərbaycan ərazilərində qeyri-qanuni silahlı dəstələr varsa, anti-terror əməliyyatı aparmaqla onları zərərləşdirmək Azərbaycanın hüququdur. İmzalanmış sənədlərə, 10 noyabr 2020-ci il bəyanatına əsasən, sülhməramlılar Qarabağda nəzarət etdikləri ərazilərdə təhlükəsizliyi təmin etməlidirlər. Amma onlar nəinki təhlükəsizliyi təmin etmirlər, hətta ziddiyyətlərin kəskinləşməsinə imkan yaradır, xarici ölkələrdən İran vətəndaşlarını, terrorçuları, silah-sursatı Qarabağa buraxırlar. Bu, yolverilməzdir. Belə hallar varsa, qəti bəyənatlar verilməli, anti-terror əməliyyatları həyata keçirilməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Dekabr 2022, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin