BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP-dən QHT sədrinə cavab: Heç nə özbaşına baş vermir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimlinin avtomobilinə DYP İdarəsinin rəisinin müavininin tələbi ilə cərimə protokolu yazılmasına aydınlıq gətirib.

 

A.Əsgərli Pravda.az-a açıqlamasında bildirib ki, sürücü protokoldan narazı olduğu halda, protokolun araşdırılma müddəti və prosedur qaydaları var.

“Protokolla razı olmadığını yerindəcə bildirib, protokolu qərarsız saxlaya, araşdıra bilərdilər. Bunu ictimailəşdirməyə ehtiyac yoxdur. Gün ərzində yolda xidmətdə olarkən polis əməkdaşları müxtəlif qayda pozuntularına görə sürücülər haqqında hər hansı tədbir görürlər. Protokol yazılan kimi bunu ictimailəşdirmək düzgün deyil. Bu, məsələni məğzindən, kontekstdən kənara çıxarmaqdır. Qayda pozuntusu var. Sürücü qayda pozmadığını hesab edirsə, hansı prosedurlar tələb olunursa, həmin qaydada araşdıracağıq, məsələnin nədən ibarət olduğunu dəqiqləşdirəcəyik. Nəzərə almalıyıq ki, protokolun tərtib olunduğu yerdə “Təhlükəsiz Şəhər” kameraları var, bütün hərəkətlər görünür. Hansı qayda pozuntusu var, sürücü nə üçün saxlanılıb, avtomobili saxlamayıb, niyə davam edib – bütün bunlar kameralarda görünür. Burada heç bir qaranlıq məqam yoxdur, araşdırılıb, qiymət veriləcək”, - A.Əsgərli deyib.

 

DYP rəsmisi DYP İdarəsinin rəis müavininin vəzifəsindən sui-istifadə edərək Qorxmaz İbrahimlini polis əməkdaşları tərəfindən saxlatması ilə bağlı iddialara da münasibət bildirib: “Əvvəla, yolda avtobus zolağına daxil olmağın və çıxmağın yerləri var. Birincisi, avtobus zolağına daxil olmaq olmaz. Bu, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat cərimə halı nəzərdə tutulan vəziyyətdir. Hamımızın borcudur ki, qaydalara əməl edək. Xüsusilə günün elə saatları var ki, avtobus zolaqları tam qüvvədədirlər. Yəqin ki, sürücü avtobus zolağına daxil olub, sonra düzgün yerdən çıxmayıb - bunu hələ dəqiq bilmirik, kameraya baxmaq lazımdır - arxadakı sürücü üçün təhlükə yaranıb, o da uzun səs siqnalı verib. Heç nə özbaşına baş vermir. Qayda pozuntusu olub ki, saxlayıblar. Əslində sadə bir şeydir. Protokolun hansı situasiyada tərtib oldunduğu aydınlaşdırılacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Dekabr 2022, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin