BURADA REKLAMINIZ OLA
BİLƏR

Qorxmaz İbrahimli Şuşadakı aksiyada bəzilərinin kürk geyinməsinə münasibət bildirdi

Şuşa−Xankəndi yolunda keçirilən ekoloji aksiyada xanım iştirakçıların bəzilərinin heyvan dərisindən şuba geyinmələri müzakirəyə səbəb olub. Bildirilir ki, ekoloqlar heyvanların ovlanmasına, təbii dəridən məhsul istehsalına qarşı çıxır və heyvan dərisindən hazırlanmış kürk geyinmirlər. Aksiyada şuba geyinən xanımlardan birinin çıxışı zamanı əlində tutduğu ağ göyərçinin ölməsi də nəzərdən qaçmayıb.

 

Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib ki, əyində kürk, gedib aksiyada çıxış etmək bəzi heyvansevərləri, heyvan haqları müdafiəçilərini narazı sala bilər.

 

“İnsanların geyiminə, şübhəsiz ki, bir söz deyə bilmərik. Aksiya iştirakçılarının bəziləri bayağı hərəkətlər edirlər. Bu aksiyada səmimi, hökumətin atdığı addımı dəstəkləyən, dəstək olmaq üçün aksiyaya gedən təşkilatlar bəllidir. Digər təşkilatları isə ora aparan transport şirkətlərindən soruşmaq lazımdır”, - Q.İbrahimli bildirib.

 

O deyib ki, dövlətin loyal münasibətini görəndən sonra çevrəçi, heyvansevər, heyvan haqlarının müdafiəçisi olan-olmayan insanlar aksiyaya qoşulublar: “Rusiya hərbi kontingentinin nəzarətində olan Qarabağ ərazisində Ermənistanın, Fransanın şirkətləri Azərbaycan mədənlərini qanunsuz istismar edirlər. Şuşa-Xankəndi yolunda başladılmış aksiyanın səbəbi də buna qarşı çıxmaqdır. Buna etiraz əlaməti olaraq hökumət tərəfindən addım atıldı, sülhməramlıların komandanı Andrey Volkovla görüşüldü. Lakin sülhməramlılar verdikləri sözü tutmadılar. Çevrəçi təşkilatlarla yanaşı, ölkənin ictimai fəalları, sivil toplum təşkilatlarının nümayəndələrinin rəhbərləri əraziyə səfər etdilər, aksiya başlatdılar. Uzanan kampaniyada hökumətin də xoş münasibətini gördük. Görüntüləri yayılan iştirakçılar aksiyanın üçüncü mərhələsində - ötən gün gediblər. Hətta orada sülh göyərçinləri də havaya buraxıldı. Biz bunları 1988-ci ildən görüb gəlmişik. Rus əsgərinin qarşısında göyərçin at, onların hansısa sevimli insanlarının şəklini, plakat qaldır, nə edirsən, et, onların öz imperiya siyasətləri var və ona uyğun hərəkət edəcəklər. Orada sülh göyərçini uçurtmaqla nəsə olası deyil. 2020-ci ildə tədbiri sona qədər aparmalı, rus əsgərlərini Qarabağa buraxmamalı idik...”

 

Aytəkin Qardaşova

Tarix: 15 Dekabr 2022, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin