BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkdilli dövlətlər birliyinin yaradılması və möhkəmləndirilməsi bəhrəsini verir – RƏY

“Türkdilli dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması, birliyin təmin olunması nəinki bu ölkələrin iqtisadi inkişafı, eləcə də milli təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Yaxşı haldır ki, son illər Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin səyləri, təşəbbüsləri nəticəsində türkdilli dövlətlər birliyinin yaradılması və möhkəmləndirilməsi öz bəhrəsini verir. Türkmənistanda ilk dəfə olaraq üç qardaş - Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Zirvə Görüşü bunun əyani ifadəsidir. Bu görüş və imzalanan üçtərəfli sənədlər, səsləndirilən bəyanatlar strateji tərəfdaşlığın gündən-günə gücləndirilməsini, türkdilli ölkələrin yeni qlobal miqyaslı enerji, nəqliyyat layihələri ilə hansı imkanlara və gücə malik olduqlarını bütün dünyaya göstərdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məcilisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, üç qardaş ölkənin rəhbərləri tərəfindən imzalanan beş mühüm sənəd çox böyük əhəmiyyətə malikdir: “Xüsusilə enerji ehtiyatları tədarükünün genişləndirilməsinə, şaxələndirilməsinə, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə gələcəkdə öz töhfələrini verəcək. Prezidenti cənab Əliyev çıxışında ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı roluna və dünya dövlətlərinin  enerjiyə olan ehtiyacına diqqəti cəlb etməklə imzalanan sənədlərin vacib olduğunu bildirdi, Azərbaycan - Türkiyə və Türkmənistan əməkdaşlığına, qardaşlığına böyük önəm verdi. Bildirdi ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45%, Türkmənistanla 5 dəfə artıb. Ölkəmizin rəhbəri qeyd etdi ki, “Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-loqistika sahəsində böyük uğurlara imza atıb. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Görüş zamanı ölkələr arasında təhlükəsizlik, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinə, belə görüşlərin müntəzəm keçirilməsinə böyük önəm verildi və ikinci Zirvə görüşünün  Bakıda keçirilməsi qərara alındı. Hər üç ölkənin rəhbəri Türkmənistan Zirvə Görüşünün nəticələrini qiymətləndirməklə bərabər, belə görüşlərin, imzalanan sənədlərin dövlətlərin gələcək inkişafına, möhkəm və hərtərəfli əməkdaşlığa zəmin yaratmaqda fayda verəcəyinə əmin olduqlarını bildirdilər”.

Tarix: 15 Dekabr 2022, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin