Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.
Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunan rayonlarda yeni inşa edilən modul tipli qurğuların, eləcə də əsaslı təmir olunan yerləşmə məntəqələrinin və digər hərbi təyinatlı obyektlərin açılışında iştirak ediblər.
Müdafiə nazirinə məruzə edilib ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunan komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Mərkəzi istilik sistemi quraşdırılan bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
Həmçinin, ətrafda abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib. Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.