BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: “Milli maraqlara dair bütün məsələlərdə mövqeyimiz dəyişməzdir”

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı vacib və aktual məsələlərdən bəhs etdi. Dövlət başçısı beynəlxalq münasibətlərdə yeni geosiyasi meyillər, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi və digər məsələlər haqqında önəmli məqamlara toxundu, problemlərdən, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı. Dövlət başçısı bütün mötəbər tribunalardan olduğu kimi, Qoşulmama Hərəkatı platformasından da postmünaqişə reallıqları, sülh prosesi kontekstində Azərbaycanın dəyişməz mövqeyini bir daha qətiyyətlə ifadə etdi. Cənab İlham Əliyev vurğuladı ki, 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu: “İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir”. Bəli, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna tarixi hadisədir. Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Ölkəmiz hərbi-siyasi gücü ilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin edib, işğalçı Ermənistanın təcavüzkar siyasətini müdafiə edən, ikili standartlara əsaslanan ədalətsiz mövqe sərgiləyən dairələrə tarixi ədalət dərsi verib. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaradıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

 

“Müzəffər Ali Baş Komandan Azərbaycanın prinsipial yanaşmasını bir daha ortaya qoyaraq “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”, - deyə vurğuladı. Beləliklə, cənab Prezident həm Ermənistana, həm revanşistlərə və separatçılara, həm də onları dəstəkləyən bəzi qüvvələrə açıq mesaj verdi, bütün zəruri addımların atılacağını bəyan etdi. Ümumiyyətlə, Azərbaycan bu zamana qədər həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə nümayiş etdirib ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Vətən müharibəsində şanlı qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. “Dəmir yumruq” öz yerindədir və istənilən təxribat cəhdinin qarşısı alınacaq. Ən əsası, sülh və təhlükəsizlik üçün şərtimiz bəllidir: əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ bölgəsindəki erməni separatçıları tərk-silah edilməlidir. Torpaqlarımızın işğaldan azad olunması xalqımızla yanaşı, ölkəmizin dostları və tərəfdaşları, eləcə də haqq-ədalət tərəfdarları tərəfindən sevinclə qarşılandı. Lakin Ermənistanın döyüş meydanında darmadağın edilməsi işğalçı ölkənin havadarları və ermənipərəst dairələrdə ciddi narahatlıq yaradıb. Bu gün həmin qüvvələrin Azərbaycanın parlaq qələbəsini həzm edə bilmədiklərini, buna görə də müxtəlif qanunsuz addımlar atdıqlarını görürük. İyrənc və antibəşəri əməlləri – qanlı müstəmləkə keçmişi və irtica siyasəti ilə fərqlənən Fransanın qərəzli mövqeyi bunun bariz nümunəsidir. Erməni lobbisinin siyasi əsirinə çevrilən və separatçıları dəstəkləyən Makron kimilər özlərini “haqq-ədalət tərəfdarı” kimi görürlərsə, hansı səbəbdən Ermənistanın müharibə cinayətləri barədə danışmırlar və ya bununla bağlı heç bir addım atmırlar? Bu sualın cavabı Fransanın ermənipərəst mövqeyində gizlidir. Bu ölkə bir daha obyektiv olmadığını, Ermənistanın maraqlarını müdafiə etdiyini, işğala, təcavüzə, terrora dəstək verdiyini nümayiş etdirir. Bu isə təkcə bölgəmizdə deyil, həm də dünyada sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır, beynəlxalq hüquqa hörmətsizlik nümunəsi kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində narahatedici meyillərlə mübarizə aparmalıdır. Azərbaycan Prezidentinin toxunduğu vacib məsələlərdən biri də mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqidir. Cənab Prezident vurğuladı ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır: “Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”. Həqiqətən də, tolerantlıq nümunəsi olan Azərbaycan multikultural dəyərləri və sivilizasiyalararası dialoq ideyasını beynəlxalq miqyasda təbliğ etməklə qlobal sülh və inteqrasiya prosesinə vacib töhfələr verir. Ölkəmiz mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir, Azərbaycanda regional və qlobal əhəmiyyətli məsələlər xüsusi müzakirə obyektinə çevrilir. Bütün bunlar isə beynəlxalq müstəvidə qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır. Ən əsası, biz islamofobiya və ksenofobiya kimi neqativ təzahürlərə qarşı barışmaz mövqedə dururuq. Və milli maraqlara dair bütün məsələlərdə mövqeyimiz dəyişməzdir!” - Siyavuş Novruzov qeyd edib.

Tarix: 7 İyul 2023, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin