“Şəmkirdə Şiştəpə kəndindən olan iş adamı Aydın Musayevin nəvələrinin kiçik toyuna Ebru Gündəşi 200 min dollara gətirməsi haqqında məlumatlar, video-roliklər var. Mən dəqiq deyə bilmərəm ki, Aydın Musayev Ebru Gündəşi neçəyə danışıb gətirib. Hər halda Ebru Gündəş o kəndə böyük miqdarda pul qarşılığında gəlib, yoxsa gəlməzdi. Ümumiyyətlə, bu məsələyə əlahiddə kontekstdə də, fərdi məsələ kimi də baxmaq olardı. Mən beş nəvəmi sünnət etdirmişəm, amma heç birinə toy eləməmişəm. Bu adam edirsə, öz şəxsi işidir. Yəni məsələyə bu nöqteyi-nəzərdən baxmaq olardı. Sosial sferadan, ictimai nöqteyi-nəzərdən baxanda, əlbəttə ki, müəyyən narazılıq doğurur. Artıq on illərdir, eşidirik ki, düşmənimiz ermənilər böyük xeyriyyə cəmiyyətləri yaradırlar. ABŞ-da, Avropa ölkələrində, dünyanın hər yerində öz ölkələrinə, millətlərinə yardım edirlər. Ola bilər, bəlkə də, biz bilmirik, hansısa imkanlı azərbaycanlı da bu və ya digər dərəcədə Vətənə kömək edib, amma leqal şəkildə eşitmədik ki, hansısa azərbaycanlı milyarder Azərbaycana ciddi kömək etsin. Bu, milli təfəkkürün göstəricisi kimi görünür. Axı mən Aydın Musayevi tanımıram. Allah işini avand eləsin, nəvələrinin də toyu mübarək olsun. Amma baxanda doğrudan da fikirləşirsən ki, həqiqətən müharibədən çıxmışıq, nə qədər şəhid ailələrimiz, qazilərimiz, ehtiyacı olan insanlar var. Artıq pul varsa, bu insanlara kömək etmək yaxşı olmazdımı?”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.