BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu dəstək mediamızın inkişafı və peşəkar fəaliyyəti baxımından böyük stimuldur" - Sayt rəhbərləri danışır

Xəbər verdiyimiz kimi, iyulun 3-ü Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

 

Ümumilikdə, 33 ictimai-siyasi, 6 idman məzmunlu informasiya portalı müsabiqədə qalib elan olunub.

 

Bəs bu müsabiqə Azərbaycan mediasının inkişafında, şəffaflaşdırılmasında nə kimi rol oynayır?

 

AZXEBER.COM mövzu ilə bağlı bəzi sayt rəhbərlərinin fikrini öyrənib:

 

Bizim.media informasiya portalının baş redaktoru Anar Tahirov bildirib ki, bu müsabiqə Azərbaycan mediasının inkişafı ümün mühüm imkanlar yaradır.

"İlk növbədə müsabiqə nəticələrinin obyektivliyi diqqət çəkir. Göründüyü kimi, ölkənin əsas informasiya portalları ilə yanaşı, yeni fəaliyyətə başlamış, yaxud da ilk dəfə müsabiqəyə qatılan həmkarlarımız da qaliblər siyahısında yer almağı bacarıblar. Bu isə onu göstərir ki, müsabiqədə keyfiyyətli iş kriteriyası ön planda olub. Eyni zamanda bu cür müsabiqənin təşkili bir çox aspektlərdən mühüm əhəmiyyətə malikdir. Ələxsus da mediamızın inkişafına dəstək baxımından. Söhbət təkcə maddi dəstəkdən getmir. Müsabiqənin təşkili belə bir çox aspektlərdən Azərbaycan mətbuatının inkişafı üçün mühüm imkanlar yaradır".

 

Baş redaktor bildirib ki, hazırkı media mühitində rəqabət saytlar arasında inkişaf yaradan əsas amildir:

 

"Həqiqətən də, rəqabətin olmadığı yerdə inkişafdan söhbət gedə bilməz. Rəqabət mühitinin yaradılması üçünsə doğru seçilmiş stimullaşdırıcı tədbirlərin tətbiqinə ehtiyac var. MEDİA-nın təşkil etdiyi müsabiqə bu cəhətdən də uğurlu hesab oluna bilər. Çünki Medianın İnkişafı Agentliyinin bu layihəsi təkcə maddi baxımdan yox, eyni zamanda azad rəqabət meydanı yaratdığı üçün də önəmlidir. Müvafiq şərtləri yerinə yetirmək üçün portallar, daha operativ, keyfiyyətli və özəl materiallar hazırlamalıdırlar. Yəni, kəmiyyətlə yanaşı, materialın keyfiyyətinə də diqqət yetirilməlidir. Müsabiqədə qalib olmaq üçün media subyektləri bu tələbə əməl etməlidirlər. Sözügedən tələblərin icrası isə təbii olaraq, media subyektinin işinə müsbət təsir etməklə, ümumilikdə mətbuatımızın inkişafına təkan verir. Ona görə də, azad mətbuatın inkişafı üçün iqtisadi müstəqilliyin təmin olunması başlıca şərtlərdəndir. Məsələyə bu yöndən yanaşsaq, MEDİA-nın saytlara dəstək müsabiqəsinin azad media mühitinin formalaşdırılması baxımından da önəmini görə bilərik".

"Pravda.az" xəbər portalının baş redaktoru İlkin Pirəli MEDİA-nın budəfəki nəticələri tam obyektiv hesab edir:

 

"Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək müsabiqəsinin budəfəki nəticələri də tam obyektiv oldu. Fikir versəniz, görərsiniz ki, demək olar, nəticələrdən narazılıq yoxdur. Təbii ki, obyektivlik olan yerdə belə də olmalıdır. Düzdür, müsabiqədən hər kəs razı qala bilməz. Müsabiqəyə müraciət edənlər bilməlidirlər ki, burada "şəxsi yanaşma” deyilən məsələ yoxdur, işə qiymət verilir. Ümumiyyətlə, Azərbaycan dövlətinin hazırki media siyasəti təqdirəlayiqdir. Dövlət media subyektlərinin ayrı-ayrı şəxslərdən asılı olmasın deyə, bu cür dəstək layihələri həyata keçirir. Hər kəsə bəllidir ki, ölkədə reklam bazarı zəifdir, hələ əvvəlki illərə nisbətə dirçəlib. Belə olanda media subyektinin maliyyə mənbələri axtarışına çıxması ehtimalı artır. Əvvəlki illərin təcrübəsinə baxsaq, görərik ki, ölkəyə mənbəyi bəlli olmayan maliyyə vəsaitləri daxil olurdu, bu da dövlətin təhlükəsizliyi üçün ciddi təhdid idi. Həyata keçirilən islahatlar nəticəsində bu kimi neqativ halların qarşısı demək olar ki, alındı, dövlət artıq özü mediaya dəstək verməyə başlayıb. Hazırda media müstəqilliyini qorumaqla dövlətin yanındadır. Bu, həm də şəffaflıq deməkdir. Son illər həyata keçirilən media siyasəti nəticəsində belə demək mümkündürsə, "medianın üzü ağarıb”, etimad səviyyəsi yüksəlib, proses davam etməkdədir. Əminik ki, bununla Azərbaycan mediası yaxın illərdə böyük dövlətlərin mətbuat orqanları ilə müqayisə ediləcək".

"Demokrat Media"nın direktoru, tanınmış jurnalist Vasif Həsənli AZXEBER.COM-a söyləyib ki, müsabiqənin nəticələri MEDİA-nın əsas götürdüyü prinsiplərə sadiq qaldığını deməyə əsas verir:

 

"Bir neçə gün öncə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Nəticələr Agentliyin fəaliyyətə başladığı dövrdən etibarən əsas götürdüyü prinsiplərə sadiq qaldığını deməyə əsas verir. Müsabiqənin nəticələri məhz bu prinsipləri özündə ehtiva edir. Qaliblərin siyahısına nəzər yetirdikdə daha çox yeni media subyektlərinə rast gəlmək olur. Təbii ki, Azərbaycanda media subyektlərinin sayı yüzlərlədir və bunlar arasında əsas diqqətçəkənlər əsasən media holdinqləri olub, hətta oliqarxlaşmışları belə var. Bu vəziyyətdə yeni və peşəkar media subyektləri həmişə maliyyə çətinliyi ilə üzləşib, bir çoxu bağlanmaq məcburiyyətində qalıb, bəziləri uzun müddət məhdud imkanlarla fəaliyyətini davam etdirib. MEDİA Agentliyi məhz bu ədalətsiz mənzərəni aradan qaldırdı".

 

Jurnalist qeyd edib ki, sonuncu müsabiqədə məhdud imkanları olan media subyektlərinə üstünlük verilib:

 

"Onsuz da kifayət qədər maliyyə imkanı olan holdinqlərdən daha çox, məhdud imkanları olan media subyektlərinə üstünlük verildi ki, bu da həm medianın rəngarəngliyinin, müxtəlifliyinin genişlənməsinə, həm də yeni medianın fəaliyyətinin stimullaşdırılmasına səbəb oldu. Agentlik yarandığı ilk gündən bu prinsiplə fəaliyyət göstərir. Budəfəki müsabiqənin nəticələri də bunu növbəti dəfə ortaya qoydu. Nəticələr açıqlanan zaman jurnalist həmkarımızın ürəyincə olan bir məqama da toxunmaq istərdim. Bildiyiniz kimi, bu yaxınlarda vaxtsız dünyasını dəyişən dəyərli həmkarımız Zülfüqar Hüseynzadənin rəhbərlik etdiyi "Moderator.az" saytını da qaliblər sırasında görmək çox sevindirici oldu. Bilirsiniz ki, qaliblər arasında baş redaktoru olduğum Demokrat.az saytı da var. Buna görə, ələxüsus da yeni media subyektlərinə yaradılan imkanlara görə dövlətimizə təşəkkür edirik. Bu dəstək mediamızın daha da inkişafı və peşəkar fəaliyyəti baxımından böyük stimuldur. Qaliblər arasında olan digər həmkarlarımızı da təbrik edirəm.

Tarix: 7 İyul 2023, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin