Bakıda piyada xəttindən keçən gənc qızı maşınla vuran şəxsin məhkəməsi davam etdirilib.
Pravda.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Məmmədov Ramal Camal oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Ramal Məmmədov avtomobillə Gülgün Əmiraslanlını vuran zaman narkotik vasitənin təsiri altında olub.
Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.
Ramal Məmmədovun vəkili vəsatət verərək qeyd edib ki, müdafiə etdiyi şəxsin əməli Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyay hadisəsi törətmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif edilməlidir.
Vəkil deyir ki, müdafiə etdiyi şəxs qəza törədən zaman narkotik vasitənin təsiri altında olmayıb.
Bundan başqa vəkil daha bir vəsatət verərək məhkəmə narkoloji ekspertizasının ekspertlərinin məhkəmədə dindirilməsini istəyib.
Zərərçəkmiş tərəf vəsatətlərin təmin edilməməsini istəyib. Bildirilib ki, bu, prosesin uzadılmasına xidmət edir.
Dövlət ittihamçısı isə vəsatətlərə münasibət bildirərkən deyib ki, Ramal Məmmədovun əməlinin Cinayət Məcəlləsinin başqa bir maddəsinə tövsif edilməsi ilə bağlı qərarı yalnız məhkəmə müşavirə otağında verə bilər. Prokuror həmçinin ekspertlərin dindirilməsinə də ehtiyac olmadığını bildirib.
Məhkəmə ekspertlərin dindirilməsi ilə bağlı vəsatəti təmin etməyib. Ramal Məmmədovun əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə tövsif edilməsi ilə bağlı vəsatət isə indiki mərhələdə baxılmamış saxlanılıb.
Ramal Məmmədovun vəkili daha bir vəsatət verib. Vəkil qəzanın baş verdiyi yerin piyada xəttinin işıqforla tənzimlənib-tənzimlənməməsi barədə müvafiq qurumlara sorğu verilməsini istəyib.