Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara baxış keçirilib.
Pravda.az xəbər verir ki, səfər proqramına uyğun olaraq diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. İştirakçılara kompleksdə görülən işlər barədə məlumat verilib.
Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Burada Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfər iştirakçılarını salamlayıb. Diplomatik korpusun nümayəndələri “Zəfər” parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkli çəkdiriblər.
Səfər çərçivəsində Qarabağ Universiteti ilə də tanışlıq olub. Universitetdə yaradılan şərait və onun fəaliyyəti barədə səfər iştirakçılarına məlumat verilib.
Daha sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən “AzCotton” MMC-nin tikiş fabrikini ziyarət edib, müəssisənin fəaliyyəti ilə tanış olublar.