ADA Universitetinin İxtisasartırma Proqramı və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi birlikdə “Qabaqcıl xarici siyasət proqramı” çərçivəsində növbəti sessiya təşkil ediblər.
Sessiyada Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə fəaliyyət göstərən 17 ölkənin diplomatik nümayəndəliklərinin 19 təmsilçisi üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxış edib.
Çıxışı zamanı Fuad Hüseynov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalması, uzun illər ərzində onların yarımçıq tikililərdə, zirzəmilərdə, yataqxanalarda və digər ağır sosial-məişət şəraitində məskunlaşması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Dövlət Komitəsi sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı kompleks və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və rifahının yüksəldilməsi istiqamətində ardıcıl və davamlı tədbirlər görülür. Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır, qaçqın və məcburi köçkünlərin rifahının yüksəldilməsinə ardıcıl humanitar dəstək göstərir.
Mühazirə zamanı qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafının təmin edilməsi, habelə keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunması Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız ölkə daxilində sosial və iqtisadi sabitliyin möhkəmləndirilməsinə deyil, bütövlükdə regionun təhlükəsizliyinə və sabitliyinə də mühüm töhfə verir. “Böyük Qayıdış” prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində öz əksini tapıb.