Şuşaya gələn insanın ilk hiss etdiyi duyğulardan biri heyranlıqdır. Bu şəhərin küçələri, tarixi binaları, Cıdır düzü, qayaları və təbiəti sadəcə mənzərə deyil. Onların hər biri Şuşanın yaddaşının bir parçasıdır. Məhz buna görə də bu məkanlarda edilən hər bir müdaxiləyə adi bir hərəkət kimi yanaşmaq doğru deyil.
Son günlər Şuşada bəzi şəxslərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə müxtəlif yazılar yazması cəmiyyətdə haqlı narazılıq yaradıb. Bəziləri bunu xatirə saxlamaq, adını gələcək nəsillərə çatdırmaq və ya kiməsə ehtiram göstərmək kimi izah edə bilər. Amma burada əsas sual niyyət deyil, nəticədir: bir insanın xatirəsi üçün tarixi məkanın görünüşünü dəyişmək nə dərəcədə doğrudur?
Əslində, qayaya ad yazmaqla insan özündən bir iz qoyduğunu düşünür. Halbuki həmin iz yalnız onun adına aid olmur. O, yüzlərlə, minlərlə insanın ziyarət etdiyi ortaq bir məkana vurulur. Bir nəfərin “xatirəsi” başqasının tarixi irsinə çevrilmir.
Üstəlik, belə yazıların sonradan silinməsi də problemi həll etmir. Təmizləmə zamanı tarixi və təbii səthlərin zədələnməsi mümkündür. Yəni bir neçə saniyəlik hərəkətin nəticəsini aradan qaldırmaq üçün uzunmüddətli iş, əmək və vəsait tələb olunur. Daha vacibi isə bəzi zədələrin əvvəlki vəziyyətinə tam qaytarılması mümkün olmaya bilər.
Burada məsələ yalnız qanun və cərimə məsələsi də deyil. Söhbət mədəni davranışdan, ictimai məsuliyyətdən və özündən sonrakı insanlara nə qoyub getmək istəyindən gedir.
Şuşada bu məsələ xüsusilə həssasdır. Çünki şəhərin hər daşı, hər divarı və hər qayası onun tarixindən xəbər verir. Belə bir məkanda divara və ya qayaya ad yazmaq insanın Şuşaya olan sevgisini göstərmir. Əksinə, həmin sevginin yanlış formada ifadə edildiyini göstərir.