Audiovizual Şuranın sədri İsmət Səttarovun APA-ya müsahibəsi
- Son zamanlar Audiovizual Şura tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyaları verilir. Bu ifadə çox da anlaşılmır, platforma yayımçısı tam olaraq nədir və hansı vəzifələri var, ənənəvi televiziya kanallarından fərqi nədir?
- “Media haqqında” Qanunda əsas yeniliklərdən biri də platforma yayımçısı ifadəsinin gətirilməsi oldu. Yeni qanuna əsasən, ümumi götürsək, yayım üsuluna görə yayımçılar 2 böyük qrupa bölünürlər: yerüstü yayımçılar və platforma yayımçıları.
Platforma yayımçılarının digər alt qrupu olan və ən çox müzakirə olunan qismi isə peyk yayımı həyata keçirməyən platforma yayımçılarıdır. Keçən ilin oktyabr ayından indiyədək Şura 12 peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verib. Ənənəvi televiziya kanallarından onların çox da fərqi yoxdur. Yerüstü və peyk üsulu ilə yayımlanan televiziya kanalları yalnız yayım üsulları ilə onlardan fərqlənir. Bunun da kontentə xüsusi aidiyyəti yoxdur.
- Bir neçə il əvvəl APA-ya müsahibənizdə bildirmişdiniz ki, “Netflix”, “Megogo”, “Oll.tv”, “Vimeo” kimi video xidmət platformaları Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaqlar ki, bunun üçün də ölkəmizdə nümayəndəliklərini açaraq qeydiyyatdan keçməlidirlər. Bu cür nümayəndəliklərin açılması ilə bağlı hər hansı yenilik varmı, müraciətlər olubmu?
- Bəli, “Media haqqında” Qanunun tələbləri bunu ehtiva edir. Bu sahədə görüləcək işlərimiz kifayət qədərdir. Qeyd etdiyiniz platformaların bir qisminin fəaliyyəti yeni qanuna görə “sifarişli yayım xidməti provayderi” kateqoriyasına, digər qismi “platforma operatoru” kateqoriyasına düşür. Hazırda həmin xidmətlər Azərbaycanda heç bir qeydiyyat keçmədən, vergi ödəmədən fəaliyyət göstərirlər ki, bu da həmin sahədə işləyən yerli subyektlərə onlarla qeyri-sağlam rəqabətdə olmağı vadar edir. Bir məqamı da qeyd etmək istərdim ki, müasir texnologiyaları nəzərə alsaq belə platformaların fəaliyyətinin tam olaraq qarşısının alınması da çox çətindir. Bu istiqamətdə Şura digər dövlət qurumları ilə koordinasiyalı fəaliyyəti təmin etməyə çalışır ki, bu sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına nail olaq.
- Azad olunmuş ərazilərdə televiziya və radioların fəaliyyəti, tezlikləri ilə bağlı hansı yeniliklər var?
- Azad olunmuş ərazilərdə televiziya və radio yayımının həyata keçirilməsi üçün, bildiyiniz kimi, ilk olaraq bu sahədə tam dağıdılmış və ya yararsız hala salınmış infrastruktur yenidən qurulmalıdır. Şuşa şəhəri və ətraf ərazilərdə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının ərazilərində ümumölkə TV kanallarının açıq yayımı və habelə, 5-8 ümumölkə yerüstü radio yayımçısının proqramlarının yayımı tam təmin olunub. Laçın, Qubadlı, Kəlbəcər rayonlarının sərt relyefini nəzərə alaraq orada hazırda yayım təşkili ilə bağlı işlər gedir. Bu xüsusda, Laçın şəhərində televiziya və radio yayımın təşkili işini qeyd edərdim ki, bu prosesin ilin sonuna yaxın yekunlaşacağı gözlənilir.
- Televiziyaya tənqidlər azalmır: İstər sosial şəbəkələrdə, istərsə də müzakirələrdə. Audiovizual Şura televiziya rəhbərləri ilə görüşlər təşkil edir. Bu görüşlərin nəticəsi necədir, ümumiyyətlə, televiziya və radio kanallarının bugünkü fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bilirsiniz, televiziya da, radio da cəmiyyətin bir parçası olduğundan onlar da daim inkişafdadır, axtarışdadır. Təbii ki, hər bir inkişaf prosesində tənqidlər də olacaq, narazılıqlar da. Audiovizual Şura olaraq vəzifəmiz Azərbaycanda rəqabətədavamlı, müasir çağırışlara cavab verən, digər tərəfdən də dövlətin ali məqsədlərinə və ictimaiyyətin maraqlarına xidmət edən audiovizual media mühitinin yaradılmasıdır. Televiziya kanallarının fəaliyyətinə gəlincə, son illər baş verən hadisələr - COVID-19 pandemiyası, Vətən müharibəsi, post-müharibə reallıqları və s/ onların fəaliyyətinə çox ciddi təsir göstərmişdi. Bu reallıqları nəzərə alaraq ümumən ümumölkə televiziya kanallarının fəaliyyətini müsbət qiymətləndirərdim. Təbii ki, çatışmazlıqlar var və ümumən media sahəsində rəqabət artdıqca, cəmiyyətin media istehlakı üzrə bilikləri və savadlılığı çoxaldıqca, daha keyfiyyətli kontent də olacaq, texniki cəhətdən yayım keyfiyyəti də artacaq.
- Audiovizual Şura müxtəlif vaxtlarda televiziyalarda olan hər hansı problemlə bağlı televiziya kanalının yayımını bir neçə saatlıq dayandırır. Bunun nəticəsi varmı və bu, həmin televiziya kanallarına necə təsir edir?
- Bəli, “Media haqqında” Qanuna görə Şuranın qanunvericilik tələbi pozulduğuna görə haldan asılı olaraq yayımı 24 saatadək və ya 30 günədək dayandırmaq səlahiyyəti var. İlk olaraq deyim ki, çox ağır hallar olmadığından Şura yayımı 3-6 saat dayandırmağa daha üstünlük verir. Bu dayandırma həmin yayımçıya maliyyə yükü yaratmaqla - yayım dayananda reklam yayımlanmır və dolayısı ilə maliyyə öhdəliyi yaranır - yanaşı, qanunvericilik pozuntusuna həm ictimaiyyətin, həm də redaksiyanın diqqət etməsinə şərait yaradır ki, gələcəkdə bu halların baş verməməsi üçün daha məsuliyyətli olsunlar.
- Televiziya kanallarımızda bir sıra verilişlər var ki, ictimaiyyət nümayəndələri tərəfindən tez-tez ciddi tənqid edilir, xüsusilə də evlilik proqramları. Həmin verilişlərdə insanların şəxsiyyətinin alçaldılması, psixoloji sağlamlığı yerində olub-olmamasının sual yaratdığı adamların efirə çıxarılaraq şou yaradılması qınanır və Audiovizual Şuranın bununla bağlı konkret addım atmalı olduğu hesab edilir. Şura bu cür məsələlərə münasibət bildirə, hansısa addımlar ata bilərmi?
- Bizim bu məsələyə münasibətimiz tam qanunvericilik prizmasından ola bilər. İlk olaraq bildirim ki, media sahəsində fəaliyyət tam olaraq yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Şuranın və ya heç bir dövlət orqanının yaradıcılıq fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur. Bu müddəa da fəaliyyətimizin əsasında bir qırmızı xətt kimi keçir. Təbii ki, bir sıra proqramlarda, həmçinin sosial problemlərə həsr olunmuş proqramlarda bəzən xoşagəlməz, cəmiyyətdə böyük qınaq yaradan hallar baş verir. Şura, demək olar ki, bütün bu halların hamısını araşdırır və hüquqi qiymət verir, bəzən də yaradıcılıq və redaksiya müstəqilliyinə xələl gətirmədən həmin yayımçılara müvafiq tövsiyələr verir və cəmiyyətin reaksiyasını nəzərə almağı çağırır.
- Audiovizual Şuraya televiziya və radio kanallarla bağlı şikayət və təkliflər yazılırmı?
- Bəli, Şuraya belə müraciətlər daxil olur. Hər bir müraciət ayrıca olaraq araşdırılır. Bəzən yenidən monitorinq keçirilir. Təkrar monitorinqdən sonra xəbərdarlıq etdiyimiz və ya sanksiya tətbiq etdiyimiz hallar da olub. Bəzi müraciətlər aidiyyəti üzrə yayımçılara yönləndirilir, çünki bəzən bizim səlahiyyətimizdə olmayan məsələlərlə bağlı müraciətlər olur.
- Müraciətlər daha çox hansı istiqamətdə olur?