Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası keçirilib. İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa qərarını elan edib. 27 il Naxçıvana rəhbərlik edən Talıbovun istefası ölkə gündəminin əsas mövzusuna çevrilib.
Hazırda onun istefasının səbəbləri ilə yanaşı, həbs olunma ehtimalına dair ciddi müzakirələr gedir. Ehtimal olunur ki, Naxçıvanda aşkarlanan ciddi korrupsiya faktları Vasif Talıbovun həbsinə səbəb ola bilər.
Pravda.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin naxçıvanlı deputatı Fazil Mustafa bildirib ki, Vasif Talıbovun istefası gözlənilən olub.
“Naxçıvanda baş verənlər Vasif Talıbovun istefasını zəruri etdi. Bundan sonrakı dönəmdə hansısa struktur dəyişikliklərini gözləmək olar. Mütləq referendum olmalı idi ki, müəyyən maddələr, imzalar dəyişsin. İndiki halda keçici variantlara üstünlük verilə bilər. Hər halda Milli Məclisin içindən kimsə Vasif Talıbovu əvəz edəcək. Daha sonra Prezidentin yeni rəhbər təyin etməsinin şahidi ola bilərik”.
Deputatın sözlərinə görə, bundan sonra vətəndaşların Naxçıvanla bağlı fikirləri dəyişəcək: “Naxçıvandakı yaşamla bağlı narazı olanların fikirlərinin dəyişəcəyinə ümid var. Ölkə rəhbəri vəziyyəti nəzarətə alıb. Vətəndaşların maraqlarına uyğun olaraq konkret adddımlar atılır. Bu, gələcəkdə Naxçıvanda daha çox məskunlaşmaya təkan verəcək”.