Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, bölgədə post-münaqişə dövründə görülən işlər və Laçın yolu ətrafında vəziyyət müzakirə olunub.
Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra, Laçın yolunda etirazlara səbəb olan vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Etirazların səbəbinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyət, Laçın yolundan bu məqsədlə sui-istifadə olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, davam edən hərbi təxribatlar, Laçın yolundan 2021-ci il Ermənistan istehsalı minaların ötürülməsi və dinc əhaliyə qarşı təhdidlər qeyd edilib.