Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi Xankəndi-Laçın yolundakı vəziyətlə bağlı bəyanat ünvanlayıb.
Pravda.az xəbər verir ki, məktubda BMT Təhlükəsizlik Şurasında Ermənistan nümayəndəsinin çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin saxtalaşdırılmasının beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
Bundan başqa Brüssel, Praqa və Soçidə ən yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyiblər.
“Ermənistan Nümayəndəliyinin bəyanatlarında heç bir tarixi və hüquqi əsası olmayan bu cür adlara istinadlar bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının davam etdiyini açıq şəkildə bir daha sübut edir”, - deyə bildirilib.
Bundan başqa Ermənistanın Azərbaycandakı ekoloji terroru ilə bağlı Laçın yolunda keçirilən aksiyanın dinc xarakter aldığı və Ermənistanın blokada ilə bağlı iddialarının əsassız olduğu qeyd olunub.
Azərbaycan yol boyu heç bir məhdudiyyət qoymayıb, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkəti, o cümlədən zəruri tibbi xidmətlərin göstərilməsi maneəsiz olaraq qalır. Rusiya sülhməramlıları yol boyu hərəkəti tənzimləmək üçün öz vəzifələrini yerinə yetirməkdə davam edirlər”, - deyə məktubda vurğulanıb.