Deputatlardan biri yeni kadrlardan gileylənərkən çox maraqlı fikir bildirmişdi. Sitat olduğu kimi xatırlamıram, təxmini demişdi ki, yüksək vəzifəyə təyinat alan keçmiş həmkarlarından birini futbol oynayanda sən demə, həmişə top dalınca göndərirmişlər. Kimi nəzərdə tutması maraqlı deyildi, açmasını izah etməyə də gərək yox, çünki nəyi demək istədiyi ortadadır...
Deputatın yaddaşımda ilişib qalan o sözlərini “çiçəyi burnunda” mədəniyyət nazir Anar Kərimovun işdən çıxarıldığı elan olunanda bir daha xatırladım. 2020-ci ilin mayında Mədəniyyət Nazirliyindəki korrupsiya həbslərindən sonra Əbülfəs Qarayev işini itirdi, bir ay sonra Anar Kərimov əvvəl nazir əvəzi, 2021-ci ilin yanvarında isə nazir təyin edildi. Yəni Kərimov nazir kürsüsündə heç iki il davam gətirə bilmədi.
Allah rəhmət eləsin Əbülfəz Elçibəyə. Cəbhə hakimiyyətinin bəzi kadrları haqda demişdi ki, tankın qarşısında dayananlar təəssüf ki, pulun (rüşvətin) qarşısında duruş gətirə bilmədilər. O vaxtdan çox sular axsa da, müstəqil Azərbaycanda məmur təbəqəsinin kafasında dövlətə, ona etibar edilmiş vəzifəyə münasibəti çox da dəyişməyib. Dövlətin etibar etdiyi postu hələ də ailə-uşaqları, qohum-əqrabaları üçün qazanc yerinə çevirirlər. Anar Kərimov bu hakimiyyətin tanımadığı biri deyildi, YUNESKO-da təmsilçi olmuşdu. Dedilər, Əbülfəs Qarayevin taleyi ona mütləq dərs olacaq, təmiz işləyəcək, axsayan sahəni düzəldəcək. Anar Kərimov haqda yayılmış xəbərlər isə onu göstərir ki, yeni nazir Qarayevin on ildə yığdığını, iki ildə yağmalamağa girişibmiş...
Büdcəni yağmalamaq dövlətə qarşı cinayətdir. Amma biz bu adamın niyə işdən çıxarıldığını təxmin edirik, dəqiq bilmirik. Əvvəllər heç olmasa, “işdə yol verdiyi nöqsanlar” deyə, bir cümlə qeyd edilərdi. Bəli, “görünən dağa bəlkə də bələdçi lazım deyil”. Noyabrın 1-də DTX nazirlikdə antikorriupsiya əməliyyatı keçirdi, həbs edilənlər oldu, sonra nazirin yeni birinci müavinini də işdən çıxardılar. İndi də sıra Anar Kərimova çatdı. Nazirlikdə yeyinti və baş verənlərlə bağlı mediada elə iddialar var ki, adam düşünür, bu rüşvət mexanizmini yeni gətirdikləri kadrlarlar belə tezliklə necə qurub-qoşublar? Həm də qısa müddətdə nə baş verib ki, belə acgözlüklə dövlətin pulunu sümürməyə başlayıblar? Baxırsan SV-lərinə, guya dürlü-dürlü yerlərdə işləyiblər, dünyanı gəziblər, səliqəli kostyumları, ütülü sözləri... Amma mahiyyətləri üzə çıxanda görürsən ki, sən demə, bahalı kostyumlarının altında dilənçi xislətləri gizlənibmiş, bunlar əvvəlkilərdən də görməmiş imişlər! Bahalı maşınlar, dəbdəbəli evlər, məşuqələr... Bu adamları vəzifəyə dövlətin “təpəsinə çıxmağa” görə təyin etmirlər. Amma bu adamlar dövlətin büdcəsini dədələrinin cibi kimi mənimsəmək cürətini hardan alırlar? Qaranlıq küçədə səs eləsən, bəlkə də qorxarlar. Bəs, o halda necə olur ki, dövlətin pulunu mənimsəyəndə qorxmurlar. Azərbaycan belə yarıtmaz kadrların cəngində yem olacaq dövlət deyil. Bəli, zəngindir, amma büdcəsi yeyib-dağıdılmaq üçün yox, qurub-yaratmaq üçündür. Həm də bu millətin vergisi hesabına formalaşan büdcəni...
Rusiya bəyənmədiyimiz ölkədir. Amma SSRİ idarəçiliyi səbəbindən hələ də oxşarlıqlarımız var. Orada da rüşvətə görə tutulan nazirlər, qubernatorlar kifayət qərdərdir. Amma Rusiyada bir vəzifə ya vəlvələdən, ya zəlzələdən boşalanda dövlət aparatında yüzlərlə hazır var. Məsələn, Təhsil və Elm Nazirliyinin tabeliyində olan təşkilatlarda idarəetmə kadrlarının seçilməsi, onların peşəkar inkişafına, karyera yüksəlişinə və idarəetmə potensialının üzə çıxarılmasına kömək etmək üçün kadr bazası formalaşdırılır. Rəhbər kadrların idarəetmə hazırlığının dərəcəsindən asılı olaraq, iki səviyyəyə bölünür: əsas səviyyə və perspektivli səviyyə.