Gözlənildiyi kimi, Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasındakı (MR) 27 illik (1995-2022) hakimiyyəti başa çatdı. Ölkə rəhbərliyi ilə görüşmək, vəziyyəti dəyişmək üçün 8 gün Bakıda qonaqlayan Talıbovun son çırpıntıları da nəticəsiz qaldı və o, sonda istefa ərizəsi yazmağa məcbur edildi...
Şübhəsiz ki, Naxçıvan “xan”ının 27 illdən sonra taxtdan salınması Muxtar Respublika sakinlərinin ürəyincə oldu. Gələn xəbərlərə görə, bu qərar Naxçıvanda bayram kimi qeyd olunub, MR- nın dörd bir yanında ehsan paylanılıb, qurbanlar kəsilib.
Əlbəttə, Naxçıvan sakinlərinin bu sevinci əbəs yerə deyil. 27 ildir Naxçıvandakı absurd qadağalara, məmur özbaşınalığına, ədalətsiz mühitə dözən yerli sakinlər bu zülmün bitəcəyi günü səbirsizliklə gözləyirdilər. Çox gec olsa da, həmin gün yetişdi və Naxçıvanın sonuncu “xan”ı layiq olduğu tərzdə tarixin tozlu səhifələrinə göndərildi.
Ancaq Talıbovların ailə hakimiyyəti başa çatsa da, DTX-nin hələ Muxtar Respublikada döyəcəyi çox qapı, ortaya çıxaracağı sayısız-hesabsız korrupsiya və cinayət əməlləri var. Hər kəsə məlumdur ki, bu müddət ərzində Naxçıvanda dövlət və şəxsiyyət əleyhinə yüzlərlə cinayət hadisəsi baş verib.
Artıq yerli mətbuatda Talıbovun həbs ediləcəyi ilə bağlı söz-söhbətlər dolaşmağa başlayıb. Bəzi iddalarda isə Talıbovun qanunsuz yolla sahib oldğu var-dövlətin bir qismini dövlətə qaytardığı və bu yolla özünü bir növ sığortaladığı bildirilir.
3 fakt və yarım milyardlıq oğurluq...
DTX-nin Muxtar Respublikada başlatdığı əməliyyatlar nəticəsində qısa vaxtda külli miqadarda mənimsəməylə bağlı bir sıra korrupsiya faktlarının üstü açıldı və həbslər baş verdi. Əməliiyatlar nəticəsində Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlunun 132 milyon manat, Naxçıvan MR Maliyyə naziri Rafael Əliyevin 144 milyon manat, Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Hicran Rüstəmovun isə 212 milyon manat dövlət vəsaitini mənimsədikləri ortaya çıxdı və onların hər üçü 4 ay müddətinə həbs edildi.
Əslində təkcə 3 qurumda ortaya çıxan 488 milyon manatlıq yeyinti faktı Muxtar Respublikada 30 ilə yaxındır tüğyan edən korrupsiyanın kiçik bir hissəsidir. Bu səbəbdən də Talıbovun istefasından sonra Naxçıvanda kütləvi həbslərin olacağı istisna edilmir.
Bir sıra mənbələr bildirirlər ki, Talbovun Bakıda olduğu dövrdən DTX əməliyyatlarını daha da sürətləndirib və bu barədə qarşıdakı günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Talıbovların 30 milyardlıq sərvətinin taleyi necə olacaq?
Uzun illərdir Naxçıvanı idarə edən Talıbovların nəinki ölkə daxilində, hətta xaricdə də milyonlarla dollarlıq bahalı mülklərinin olduğu deyilir. Bu barədə mətbuatda gedən xəbərlərə görə, Talıbov və onun övladları dövlətdən oğurladıqları vəsaitlər hesabına xarici ölkələrdə (Əsasən Dubay və Batumi şəhərlərində-red.) 100 milyonlarla dəyəri olan mülklərə sahibləniblər.
Yerli mətbuatda gedən xəbərlərə görə, Talıbovlar Naxçıvanda yaratdıqları monopoliya ilə 30 milyard dollardan artıq qazanc əldə ediblər. Hazırda Talıbovların Naxçıvanda, paytaxt Bakıda və müxtəlif ölkələrdə sayısız-hesabsız mülkləri, əmlakları və obyektləri mövcuddur.
Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “AzPolitika.info”-ya şərhində bildirib ki, hələlik sözügedən məsələ ilə bağlı Azərbaycanda belə bir nümunə qeydə alınmayıb: “Vaxtı ilə dövlətə Talıbovlardan da böyük ziyan vuran şəxslər olub. Amma bu vəsaitlərin onda birini geri ödəməyiblər. Halbu ki, oğurlanmış dövlət əmlakının geri qaytarılmasıyla bağlı qanun mövcuddur. Ancaq hələlik biz bu qanunun icrasını görə bilmirik”.