“Qərbi Azərbaycandan 250-300 mindən çox adam deportasiya olunub. İnsanlar oradan məcburi köçürülüblər. Evlərindən heç bir şey götürmədən çıxıblar. Tikdikləri evləri, imarətləri, məktəbləri, əyin-başlarını, hətta şəkillərini də orada qoyublar. İnsanlar dövlətin təkidi ilə silah gücünə bir-bir evlərindən çıxarılıb”. Bu sözləri Bakupost.az -a açıqlamasında Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov deyib. O, yaxın gələcəkdə Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyət planının hazırlanacağını bildirib:
“Yaxın gələcəkdə proqram xarakterli sənəd hazırlasaq, bununla həm prezidentin tapşırıqlarını yerinə yetirmiş, həm də arzu və istəklərimizi həyata keçirmiş olarıq. Güman edirəm ki, 2023-cü ilin ilk günlərində icmanın rəhbərləri və əsas üzvləri bir araya gələcək. Prezidentin proqram xarakterli çıxışından irəli gələn vəzifələrimizi müəyyənləşdirəcəyik. Artıq mən bəzi yoldaşlarla əlaqə saxladım. Sənəd tərtib edəcəyik. Əvvəlcə həmin sənəddə nəzərdə tutulan məsələlərin hansını kimin idarə edəcəyi müəyyənləşdiriləcək. Prezident öz çıxışında hüquqi məsələlərə xüsusi diqqət yetirib. Yeni portalın yaradılması, mətbuat, beynəlxalq əlaqələrlə bağlı danışıb. Bunların hamısı müzakirə edilib müəyyənləşdirilməlidir. Ümid edirəm, yanvar ayının ortalarında həmin sənədlə tanış ola biləcəyik. İcmanın İdarə Heyəti, Müşahidə Şurası bir yerə toplaşacaq, müzakirələr aparılacaq, digər insanların da təklifini aldıqdan sonra sənəd hazırlanacaq. Bu, prezidentin tapşırığına əsaslanan sənəd olacağı üçün diqqətlə hazırlanmalıdır. Dövlət başçısı öz ad günündə vaxt tapıb Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdü. O bildirdi ki, mən ad günümü həmişə öz ailəmlə - qaçqın və məcburi köçkünlərlə keçirmişəm. Bu gün yenə öz ailəmin içərisindəyəm. Bu, çox ciddi məsələdir. Ona görə də prezidentin bu addımına müvafiq ciddi addımlar atmağa hazırıq və hazır olacağıq”.