Ali Məhkəmədə dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən Tahir Qocayevin (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Ağdaş rayon sakini, 1946-cı il təvəllüdlü Tahir Qocayev aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib.
Belə ki, o, tanışı və həmyerlisi Sabir Məmmədovun (şərti) Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrumetmə
cəzasına məhkum olunmuş oğlu Samir Məmmədovun (şərti) cəzasını Şəki Apellyasiya Məhkəməsinin hakiminə rüşvət verməklə 5 il müddətinə aşağı salınmasına yalan vəd verib. Tahir bu yolla tanışından ümumilikdə 7 min manat pul alaraq dələduzluq edib və o, Sabir rüşvətə təhrik edib.
Daha sonra Tahir Qocayev verdiyi vədə əməl etməyib və Sabir Məmmədov bu barədə hüquq-mühafizə orqanlarından müraciət edib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Qocayev 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
Kamal Məmmədov