Özbəkistan küçəsi 6 ünvanında yerləşən ərazi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən vətəndaşın şəxsi mülkiyyətində və istifadəsindədir.
Bu barədə Pravda.az-a Nizami Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edək ki, bir qrup sakinin Oxu.az saytına ünvanladığı şikayətə əsasən ərazidə monitorinq keçirilib, lakin ağacların kəsilməsi faktı aşkar edilməyib. Buna baxmayaraq aidiyyəti qurum tərəfindən ərazidə mövcud olan ağacların qorunub saxlanılması “Teymuroğlu Construction” MTK-nın nümayəndəsinin diqqətinə çatdırılıb.
Eyni zamanda, MTK nümayəndəsi gecə saatlarında işləmə səbəbinə aydınlıq gətirərək, 27 oktyabr tarixindən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək şəhərdaxili hərəkətinə qadağan edilməsi ilə əlaqədar olduğunu bildirib.
***
16:41
Nizami rayonu, Özbəkistan küçəsi 6 ünvanında yaşıllıq ərazinin məhv edilir… Camaat şikayət edir ki, ərazidə ağaclar qırılır, yaşıllıqlar məhv olur. İcra hakimiyyəti deyir ki, ərazi satılıb. Bu nə məntiqdir?! Coşqun Cəbrayılov orda niyə əyləşib axı? Bu adam niyə icra başçısıdır? Sən orada dövlətin əsas strukturunun rəhbərisən. Niyə nəzarət edə bilmirsən?
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.
"İndi hər sahibkar ərazini satın alıb ağacları kəsəcək, sonra deyəcəklər ki, cərimə etdik. Planları budur. Nizami rayonundan başqa şikayətlər də var. Zamanla hər şikayətə toxunacam. Coşqun Cəbrayılov 18 fevral 2022 -ci ildə Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Vəzifəyə gəldiyi müddətdə dəyişən heç nə yoxdur. Nəticə isə 0. Nə olsun gəncdir, işləyə bilmirsə, azad edilsin. Sənin keçmiş icra başçısı Arif Qasımovdan nə fərqin var? Həmin qaydalardır. Biz bilirik necə idarə edirsən qurumu!" - A.Həmidli qeyd edib.
