Ali Məhkəmədə adam oğurluğunda təqsirləndirilən Elməddin İbrahimovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Şərur rayon sakini, 1991-ci il təvəllüdlü Elməddin İbrahimov 29 dekabr 2019-cu il tarixdə, saat 9-10 radələrində tanışları Xəyalə Nağıoğlu və dayısı oğlu Rüstəm Rüstəmzadə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışı zərərçəkmiş Günay Həsənova (şərti) evlənmək məqsədi ilə oğurlamaq üçün qadının daimi yaşadığı İmişli şəhərinə gəliblər. Onlar Günayın yaşadığı evin qapısının qarşısına digər tanışı Raqif Əliyevin (şərti) idarə
etdiyi “VAZ-2106” markalı avtomobil ilə yaxınlaşıblar. Əvvəlcədən aralarında olan razılaşmaya əsasən, Xəyalə Nağıoğlu və Rüstəm Rüstəmzadə avtomobildən düşərək qadına söz demək bəhanəsi ilə onu yaşadığı evdən küçəyə
çağırıblar. Zərərçəkmiş şəxs küçəyə çıxdıqda Elməddin İbrahimov, Xəyalə Nağıoğlu və Rüstəm Rüstəmzadə razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla
xuliqanlıq yolu ilə küçədə olan digər şəxslərin gözləri
qarşısında qadına zor tətbiq edib, onu avtomobilin arxa oturacağına mindiriblər. Bu zaman Günayın sağ və sol bazu, sağ və sol bud nahiyələrində qançırlar, burunun belində sıyrıqla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirilib. Hadisəni görüb qızının oğurlanmasının qarşısını almağa cəhd göstərən Əsmər Həsənova (şərti) onların əlindən almaq istəyən zaman Elməddin qəsdən qadını yerə yıxaraq alın nahiyəsindən yumşaq toxumanın şişkinliyi və qançırla nəticələnən zərər vurmayan xəsarətlər yetirib. Onlar Günayı oğurlayı hadisə yerindən uzaqlaşıblar.
Daha sonra həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin İbrahimov 8 il və digər şəxslər isə bir neçə il müddətinə azadlıqdan məhrum ediliblər. Şirvan Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.
Kamal Məmmədova