Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında fərman imzalayıb.
Pravda.az-ın xəbərinə görə, qərar DTX-nin beynəlxalq təşkilatlarla və xarici ölkələrin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə əməkdaşlığının səmərəliliyinin artırılması məqsədilə verilib.
Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini Xidmətin təsdiq edilmiş ştat sayı çərçivəsində təyin etmək səlahiyyəti verilib.
Müəyyən edilib ki, Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi barədə təklifləri bu fərmana uyğun olaraq razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməzdən əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.