Pələng ili bir çox yüksəkvəzifəli məmurlarımız üçün heç də düşərli olmadı. İşdən azad edilənlər arasında başqa vəzifələrə təyinat alanlar da olub, bu günə qədər işsiz qalanlar da.
Oxu.Az 2022-ci ildə vəzifəsindən azad olunan məmurların siyahısını təqdim edir:
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.
Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri İntiqam Babayev tutduğu vəzifədən azad edilib. O, 2000-ci ildən 2021-ci ilin noyabrına qədər gənclər və idman nazirinin müavini vəzifəsində işləyib.
Prezidentin müvafiq sərəncamı ilə Elçin Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib. Lakin bir digər sərəncamla o, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Fuad Əsgərov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri vəzifəsindən azad edilib. Daha sonra isə Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüququ Şəxsin kadrlar idarəsinin rəis müavini təyin edilib.
Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov öz ərizəsi ilə müraciət edərək tutduğu vəzifədən azad edilməsini istəyib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə səhiyyə nazirinin müavinləri - Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad ediliblər.
Prezidentin müvafiq sərəncamına əsasən, Rəşad Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, həmçinin Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.