Azərbaycan beynəlxalq səviyyədə növbəti diplomatik qələbəsinə imza atıb. Budəfəki qələbə həm də ona görə əlamətdardır ki, dünənə qədər dünyada söz sahibi olan, BMT Təhlükəsizlik Şurasının (TŞ) beş üzvündən biri olan ölkə üzərində qazanılıb.
2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı məsələ daxil edilmişdi. Məlumdur ki, bunda Fransanın xüsusi rolu olmuşdu. Çünki sözügedən müraciət əsasında məsələ TŞ-nın gündəliyinə Fransanın dəstəyi olmadan daxil edilə bilməzdi.
Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. O zaman bu mümkün olmamışdı.
Bu yerdə xatırladaq ki, 44 günlük müharibənin gedişindən və ondan sonra da Fransanın oxşar cəhdləri olmuşdu. Fransa keçmiş Minsk Qrupunun həmsədri kimi artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olsa da, 30 illik işğal dövründə bir dəfə olsun obyektiv mövqe ortaya qoymadı, digər həmsədrlərlə birlikdə münaqişənin dondurulmasına, Azərbaycanın işğalla barışmasına çalışdı.
Eyni zamanda BMT TŞ-nın 4 qətnaməsi olmasına baxmayaraq, BMT TŞ 30 ilə yaxın dövr ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirmədi. Şübhə yoxdur ki, buna imkan verməyənlərdən birincisi məhz riyakar Fransa idi.
Bu il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT TŞ-nın iclasını çağırmağa nail oldu. Həmin müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı.
Həmin tarixdən - 10 gün idi ki, mətn üzərində sözün əsl mənasında gərgin müzakirələr gedirdi. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri yönləndirir, hər vəchlə məqsədlərinə çatmaq istəyirdi.
Beynəlxalq səviyyədə Azərbaycanın əleyhinə planlar hazırlanmasına, məkrli işlər aparılmasına Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə vurğu etmişdi. Əlavə etmək yerinə düşər ki, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda da Azərbaycan əleyhinə fəaliyyətlər aparılmış, lakin bu cəhdlər də uğursuzluğa düçar olmuşdu.
Buna qədər göstərdiyi cəhdləri uğursuzluqla nəticələnən, himayədarı olduğu Ermənistanın gözündə də nüfuzda düşən Fransa bu dəfə düşünürdü ki, Azərbaycan əleyhinə hazırlanmış bəyanatı qəbul etdirəcək, bunun davamı olaraq növbəti addım kimi sənədi qətnaməyə çevirməyə nail olacaq. Təsadüfi deyil ki, bu günlərdə Ermənistanın “dahi” diplomatı və “çekisti” Armen Qriqoryan da TŞ-də qətnamə qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri olduğunu açıqlamışdı. Proseslərin ardıcıllığı Fransa-Ermənistan cütlüyünün çirkin niyyətini açıq ortaya qoyurdu.
Cütlüyün bu addımları həm də Rusiyaya arxa çevirib, xəyanət etmək, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi.
Lakin Azərbaycanın beynəlxalq səviyyədə apardığı möhtəşəm diplomatik fəaliyyət Paris-İrəvan tandeminin cəhdlərini darmadağın elədi. Bu proses sözün əsl mənasında Fransa üçün böyük rüsvayçılıqla nəticələndi.
BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa 10 gündür ki, bütün resurslarını səfərbər etsə də, Azərbaycan əleyhinə olan bəyanatı qəbul etdirə bilmədi.
Ümumilikdə diqqət yetirdikdə prosesin gedişi maraqlı məqamlarla yadda qaldı. Əvvəlcə bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı, layihəyə “humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi.