Yanvarın 1-də Nyu York ştatının qubernatoru insan qalıqlarının kompostlanmasını qanuniləşdirib.
Bununla da Nyu York ABŞ-də insan qalıqlarının təbii üzvi azaldılmasını qanuniləşdirən altıncı ştat olub.
Qanunu ştatın qubernatoru, demokrat Keti Hoçul imzalayıb.
Kompostlama kimi tanınan bu alternativ dəfn üsulu müəyyən qayda ilə aparılır. Əvvəlcə mərhumun cəsədi ağac yonqarları, yonca və saman kimi bitki materialı ilə birlikdə təkrar istifadə edilə bilən konteynerə yerləşdirilir. Üzvi qarışıq təxminən bir ay ərzində bütün bədən toxumalarını effektiv şəkildə parçalayan təbii mikroblar üçün ideal yaşayış mühiti yaradır.