Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni inşa edilən “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksində olub.
Kompleksdə yaradılan şərait və imkanlar barədə ətraflı məlumat verilib, tikinti prosesindən hazırlanmış videoçarx nümayiş olunub.
Sonra “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksi ilə əyani tanışılıq zamanı bildirilib ki, kompleksdə 1 mərkəz, 3 şöbə, 4 bölmə, 8 sex, 10 sahə yaradılıb. Kompleks əsasən Türkiyə Respublikasından gətirilən 103 adda dəzgah və cihaz, 8 adda sınaq qurğusu, 132 adda digər təmir avadanlıqları ilə təchiz edilib. Burada silahların, avtomobil texnikalarının, artilleriya və hava hücumundan müdafiə vasitələrinin, zirehli tank texnikalarının, elektron və rabitə avadanlıqlarının, mühəndis texnikalarının və aqreqatlarının təmiri, mexanikləşdirilmiş emal sexləri fəaliyyət göstərəcək. Silahların təmiri sexində ən son texnoloji avadanlıqlarla atıcı silahların qumla təmizlənməsi və kimyəvi üsulla yenidən rənglənməsi işləri də aparılacaq. Qeyd olunub ki, kompleksdə bütün növ texnikaların mühərriklərini əsaslı şəkildə təmir etdikdən sonra müasir elektron vasitələrlə sınaqdan keçirmək mümkündür. Həmçinin texnikalarda olan yanacaq, hava, yağ və elektrik sistemləri avadanlıqları təmir prosesi keçdikdən sonra yeni nəsil sınaq qurğuları ilə yoxlanılacaq. Elektron və rabitə avadanlıqlarının təmiri sexində xüsusi antistatik otaqlarda elektron avadanlıqların və optik gecəgörmə cihazlarının təmiri və sınaqdan keçirilməsi mümkündür.