Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı etiraz aksiyası bu dəhliz vasitəsilə hərəkət edən nəqliyyat vasitələrininin, o cümlədən Ermənistan ərazisindən yük maşınları ilə Xankəndinə gətirilən ərzaq, dərman və digər məhsulların hərəkətinə heç bir maneə törətmədiyindən bölgəyə zəruri həcmdə ərzaq və digər həyati vacib olan mal və vasitələrin daşınması normal qaydada davam edir.
Faktyoxla.az mövzu ilə bağlı məqalə dərc edib:
Caliber.Az-ın əldə etdiyi məlumata görə, bu aksiyanın keçirildiyi yolun (Laçın-Xankəndi yolu) hər iki istiqaməti üzrə 12 dekabr 2022-ci il tarixindən 5 yanvar 2023-cü il tarixinədək 370 müxtəlif təyinatlı nəqliyyat vasitəsi maneəsiz keçib. Onlardan 330-u Rusiya sülhməramlı kontingentinə aid müxtəlif təyinatlı avtomobillər, 31-i təcili yardım maşını olmaqla Beynəlxalq Qırmızı Xaç Komitəsinə, 3-ü isə yerli erməni sakinlərə məxsus olub.
Qırmızı Xaç Komitəsinə və yerli erməni sakinlərə məxsus avtomobilləri kənara qoyaraq sülhməramlılara məxsus kortejlə və digər 330 avtomobilin daşıdığı mallar əsasında bölgəyə hansı həcmdə ərzaq aparıldığını müəyyənləşdirməyə çalışaq.
Əvvəlcə, Rusiya sülhməramlılarına məxsus maşınlarla daşınmanın sayı və həcminə diqqət ayıraq.
Dekabrın 12-dən yanvarın 5-dək Rusiya sülhməramlı kontingentinə məxsus 40 ədəd “KAMAZ” və 15 ədəd “URAL” markalı yük maşını ilə yük yerləri tam yüklənmiş şəkildə Xankəndi istiqamətinə ərzaq məhsulları daşınmışdır. Yük avtomobillərinin yoxlanılması zamanı daşınan ərzaqların böyük əksəriyyətinin düyü, ət konservi, makaron, un, kartof, soğan, toyuq əti, tərəvəz, kələm, qənd, qəhvə kimi məhsulların olduğu müəyyən edilib.
Məlumdur ki, Rusiya sülhməramlılarının kontingentində olan yük maşınlarının əksəriyyəti “KAMAZ -5350” markalı yük maşınlarıdır. Onların birinin yükgötürmə qabiliyyəti 8 tona bərabərdir. mənbə1 mənbə2
Eyni zamanda, sülhməramlıların maşın parkında yer alan “URAL” avtomobillərinin “URAL4320” markalı avtomobillərinin yükgötürmə qabiliyyəti 6 ton təşkil edir. mənbə
Beləliklə, Rusiya sülhməramlıları 40 “Kamaz”la (40*8=320) 320 ton, “URAl” maşınları ilə (15*6=90) 90 ton, birlikdə 410 ton yük daşıyıblar.
Ərazidə yerləşən 2000 nəfərlik sülməramlıların şəxsi heyətinin 1 aylıq ərzaq tələbatının cəmi 130 ton təşkil etdiyi bildirilir. 130 tonu şəxsi heyətin sayına böldükdə bir nəfərə gündəlik 2,2 kq ərzaq payı düşdüyü riyazi hesablamalarla alınır. Həmin norma ən maksimal qida normativləri əsasında hesablanmış ərzaq ehtiyatıdır. Yəni, dünyada bir nəfərin istehlak səbətinə daxil olan normadan 2 dəfə çox ərzaq ehtiyatı. Yəni, rəqəmləri nəzərə aldıqda bu qida rasionuna əsas istifadə olunan məhsullardan təxminən 4 ton düyü, 3 ton makaron, 1,5 ton ət konservi, 4 ton qarabaşaq, 1 ton un, 10 ton kələm, 5 ton soğan, 30 ton kartof və s. ərzaq, meyvə-tərəvəz, içkilər daxil olmaqla ən yüksək halda 50 ton edə bilər. Sülhməramlıların isə 55 maşın ərzaq yükünün həcmi 410 ton təşkil edir. Yəni onların normasından 6-7 dəfə çox ərzaq daşınıb. Bu, onu əsaslandırır ki, həmin ərzaq məhsulları Xankəndinə və ətraf zonalara daşınıbdır. Halbuki sülhməramlılar oktyabr və noyabr aylarında bu sayda avtomobillə və bu həcmdə ərzağı Xankəndinə daşımırdılar. Demək, sülhməramlılar öz ehtiyaclarından əlavə son bir ayda ən azı 15-20 min nəfərin də ərzağını gətiriblər. Rəqəmə diqqət edin: cəmi 15-20 min nəfərin.