10 yanvar 2023-cü il Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub.
XİN-dən Pravda az-a verilən məlumata görə, telefon danışığı zamanı Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-də sədrliyi Azərbaycan-ATƏT münasibətləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesinə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir, Ermənistanın Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın qeyri-qanuni istismar olunmuş mineral resurslarının Ermənistana daşınması, o cümlədən Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minaların gətirilməsi ilə mina təhdidini davam etdirməsi, Azərbaycan ərazisindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin təminatı, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə sui-istifadə olunduğunu, bütün bu faktların Azərbaycan tərəfinin haqlı etirazına səbəb olduğunu bildirib.