Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edib.
Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd etdi.
Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq, yeni hökumətin formalaşmasından qısa müddət keçməsinə baxmayaraq, müdafiə naziri səviyyəsində ölkəmizə səfərin həyata keçirilməsinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd etdi və əminliyini bildirdi ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq.
Romanın tarixi rayonunda Azərbaycan səfirliyinin yeni binasının açılışında ilk tədbirin ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasiminə həsr olunduğu xatırladan Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin Azərbaycandakı binasının inşasının yekunlaşmaq üzrə olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirərək qeyd etdi ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır. Prezident İlham Əliyev bu baxımdan Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğuladı. Prezident İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi, ikitərəfli münasibətlərimizin bundan sonra da mökhkəmlənəcəyinə ümidvarlığını ifadə etdi.
Prezident İlham Əliyev ilə görüşdən şərəf duyduğunu bildirən Quido Krosetto, ilk növbədə, İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, səfərdən öncə İtaliya Prezidenti ilə görüşü zamanı Sercio Mattarella özünün Azərbaycana, dövlətimizin başçısının isə İtaliyaya səfərini məmnunluqla xatırlayıb və Azərbaycan Prezidenti ilə dostluq əlaqələrinin mövcudluğunu bir daha vurğulayıb.