Milli Məclisin Mətbuat Xidməti parlament Aparatında və İşlər İdarəsində struktur islahatları aparılması barədə açıqlama yayıb.
Pravda.az-ın xəbərinə görə, açıqlamada bildirilib ki, Milli Məclisin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac var.
Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nazirlər Kabinetində, icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi buraxılmış, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri yolu ilə yeni deputat korpusu formalaşıb.