Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasından iki il keçir. İki il tarix baxımından qısa müddət olsa da, Azərbaycan mediası adına böyük səlnamənin də başlanğıcı oldu. Çünki MEDİA yaradılmayana, ümumiyyətlə bu sahə ilə işləyən kadrlar dəyişdirilməyənə qədər mediamız “dəfn edilmiş”, nə ölkə, nə də beynəlxalq ictimai rəydə heç bir təsirə malik olmayan vəziyyətə düşmüşdü. Xüsusilə peşəkar jurnalistlərin sıradan çıxarılması, ön plana qeyri-peşəkarların çıxması acınacaqlı vəziyyət yaratmışdı.
Nəhayət, Prezident İlham Əliyevin təşəbbüsü ilə media sahəsində də cidi islahatlara başlandı. Dövlət başçısının 12 yanvar 2021-ci il tarixində imzaladığı “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla medianın yeni dövrü başlandı.
İslahatların mediadakı effektini 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük. İstər həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, istər daxili auditoriyanın informasiya ilə təminatı, istərsə informasiya təxribatlarının qarşısının alınması baxımından mediamız tarixi missiya həyata keçirə bildi. Əslində bu potensial həmişə mövcud idi, lakin mövcud potensialdan istifadə üçün şərait yox idi, daha doğrusu şəraitin qarşısı alınmışdı. Dövlətin media ilə münasibətlərini tənzimləyən yeni kadrların üzərlərinə düşən işi peşəkar və vicdanlı şəkildə icra etməsi müsbət nəticələrin əldə edilməsinə gətirib çıxardı.
MEDİA sözün həqiqi mənasında jurnalistikamıza yeni nəfəs verdi, peşəkar jurnalistlərə maneə törədən yox, dəstək verən, önünü açan qurum olduğunu ispatladı. Ötən iki il ərzində MEDİA-nın fəaliyyətinə nəzər yetirdikdə bunu əminliklə deyə bilərik.
MEDİA Agentliyi və qurumun rəhbərliyi hər şeydən öncə peşəkar mediaya işləmək şəraiti yaratdı. Əvvəlki dövrdən qalan oliqarxlaşmış sistem sıradan çıxarıldı, xüsusilə dövlətin ayırdığı dəstəyin ədalətli şəkildə bölünməsi ilə media sektorunun inkişafını stimullaşdırdı. Sirr deyil ki, əvvəllər dövlət dəstəyi yalnız bir qrup “imtiyaz” sahiblərinə ayrılırdı və bu, həm peşəkar medianın sıradan çıxmasına, həm də oliqarxlaşmış sistemin “çiçəklənməsinə” zəmin yaratmışdı. MEDİA bu iki ildə məhz problemi kökündən həll etdi. Onlyan mediaya maliyyə yardımının ayrılması zamanı imkanı az, potensialı böyük olan saytlara üstünlük verilməsi təkcə ədalətin bərpası yox, həm də bu peşəkarlaşmaq baxımından əhəmiyyətlidir. Ötən iki il müddətində Azərbaycan mediasındakı mənzərəyə baxanda bunu daha aydın görmək olur. Maliyyə imkanı az, potensialı böyük olan media resurslarının dəstəklənməsinin nəticəsidir ki, bu gün informasiya sektorunda müsbətə doğru ciddi dəyişikliklər var.
Bununla yanaşı, MEDİA-nın yaradıcılıq məsələlərinə müdaxilə etməməsi ən böyük xidmətlərdən hesab oluna bilər. Çünki əvəllər jurnalistin işinə birbaşa müdaxilə cəhdləri var idi ki, bu da inkişafın önündəki ən böyük əngəllərdən idi. MEDİA isə ayrılan vəsaitin doğru xərclənməsinə nəzarət edir, daha jurnalistin işinə müdaxilə etmir.